"Proqnoz kimi deyə bilərəm ki, Azərbaycanda gələn il vulkan püskürəcək".
Gender.Az bildirir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında neftçi-geoloq, geokimyaçı və vulkanoloq, Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri professor Adil Əliyev deyib.
Onun sözlərinə görə, vulkanların qorunması hər zaman diqqət mərkəzindədir və ehtiyac olanda vulkanların monitorinqi aparılır:
"Abşeron yarımadasında, Şamaxı-Qobustan, cənub-şərqi Şirvan rayonlarında və Bakı arxipelaqında yerləşən vulkanların 100-dən artığı Qobustandadır. 40 vulkan yer səthinə çoxlu neft çıxarır. Bakı arxipelaqında 8 palçıq vulkanı mənşəli adalar mövcuddur. Ən aktiv, tez-tez püskürən vulkanlar Abşeron yarımadasında - Lökbatan (25), Keyrəki (18), Otmanbozdağ (10), Bozdağ-Güzdək (10), Şamaxı-Qobustanda Şıxzərli (25), Quşçu (15), Torağay (12), Ayazaxtarma (12), Bakı arxipelaqında isə Xərə-Zirə (13), Gil (10) vulkanlarıdır”.
Azərbaycanın palçıq vulkanlarının diyarı olduğunu qeyd edən A.Əliyev vurğulayıb ki, ölkəmizdəki palçıq vulkanları təbii sərvətlər qaynağıdır. Azərbaycan palçıq vulkanlarının vətəni sayılır:
"Burada palçıq vulkanı təzahürlərinin bütün formalarına təsadüf edilir. Palçıq vulkanları olan yerə mütləq neft və qaz toplanır. Təsadüfi deyil ki, palçıq vulkanlarını bəzən "yanacaq xəzinəsi” axtarmaq üçün mayak hesab edirlər. 2008-ci ildə Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş "Azərbaycanın palçıq vulkanları” kitabçasında 25 vulkanın turist marşrutları verilib. Həmin bələdçi kitabçası ilə yanaşı, ayrıca altı turist marşrutu Mədəniyyət Nazirliyinə təqdim olunub".