Ermənistan Rusiya Federasiyasına dizel yanacağı və benzinin tədarükü üçün kvotanın artırılması ilə bağlı müraciət edib və bu, qismən təmin edilib.
Bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi “Armenpress” agentliyinə cavab olaraq məlumat verib.
“İki ölkə hökumətləri arasında 2013-cü ildə Ermənistana təbii qaz, neft məhsulları və xam təbii almazın tədarükü sahəsində əməkdaşlıq haqqında imzalanmış sazişə əsasən, Rusiya Federasiyası hər il üçün Ermənistana neft məhsullarının ixracı üçün indikativ kvotaları təsdiq edir. 2023-cü ilin oktyabrında benzin və dizel yanacağı üçün kvota tükənib və Ermənistan tərəfi kvotanın artırılması ilə bağlı müraciət edib və bu, qismən təmin edilib”, - departament qeyd edib.
Bildirilib ki, kvotanın artırılması erməni idxalçılarına Rusiyadan 15 ton benzin və 20 ton dizel yanacağı almağa imkan verib.
Nazirlik izahat verərək əlavə edib ki, İrəvan heç vaxt Moskvadan dizel yanacağı və ya benzinin pulsuz verilməsini xahiş etməyib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Ermənistan rəhbərliyinin müraciətinə cavab olaraq Rusiyanın İrəvanın ehtiyac duyduğu neft məhsullarını tədarük etməyə başladığı barədə məlumat yayıb. \\Redaktor.Az