Zərdab
Zərdab adına yazılı mənbə baxımından XV əsrdə Bədr Şirvaninin Divanında rast gəlinir. Zərdab yaşayış məntəqəsinin adına XVI əsr Səfəvi və Osmanlı mənbələrində rast gəlinir. Osmanlı dövründə Şirvan əyalətinin sancaqlarından biridə Zərdab sancağı idi. 1583 cü ildə Şirvan əyalətinin 13 sancağından biri olan Zərdab sancağına Mustafa adlı biri hakim təyin edilmişdir.
Şamaxı xanlığının iri yaşayış məntəqələrinin biri olan Zərdab kəndinin adına mənbələrdə müntəzəm olaraq rast gəlinir. Zərdab kəndi bu xanlığın 17 mahalından biri olan Qarasubasar mahalına daxil idi.
Zərdab naibi Rəhim bəy Məlik Fətəli bəy oğlunun adı çəkilir. XVIII əsrdə yaşayan Məlik Fətəli bəy Zərdab kəndinin sahibi, naibi olmuşdur. Onun Qarasubasar mahalına da naiblik etməsini ehtimal etmək olar. Rəhim bəy və Fətəli bəy təqdimata ehtiyacı olmayan Həsən bəy Zərdabinin babalarıdır.
Həsən bəy Zərdabinin babası Rəhim bəy Fətəli bəy oğlu Zərdablı həm Zərdab kəndinin bəyi, sahibi, həm də naibi idi. “Məlik” titulunu daşıyırdı.
1846-cı ilə qədər mövcud olmuş vilayət inzibati cəhətdən 7 qəzadan, Şamaxı, Qarabağ, Şəki, Talış, Bakı, Quba və Dərbənd qəzalarından ibarət idi. Şamaxı qəzası Şirvan əyaləti və Salyan torpaqları əsasında yaradılmışdı, mərkəzi Şamaxı şəhəri idi. Qəza 6 bölgəyə, Bərgüşad, Salyan, Qəbiristan, Lahıc, Xançobanı və Qoşun bölgələrinə bölünmüşdür. Zərdab kəndi Bərgüşad bölgəsinin tərkibinə daxil edilmişdir.
09 dekabr 1867-ci il tarixli çar fərmanı əsasında Bakı quberniyasının tərkibində Göyçay qəzası yaradıldı. Şamaxı qəzasının bir çox yaşayış məntəqələri, o cümlədən Zərdab kəndi Göyçay qəzasına daxil edildi.
Göyçay qəzası 1929-cu ildə Azərbaycanın rayonlaşdırılması ilə əlaqədar olaraq ləğv olunub.
Zərdab kəndi bir müddət Göyçay rayonunun tərkibində yerləşib
Zərdab rayonuna Zərdab rayon mərkəzi olan Zərdab kəndinə, 24.09.1960-cı il tarixdə şəhər tipli qəsəbə statusu verilmişdir.
01 yanvar 1963-cü il tarixdə Zərdab rayonu ləğv edilərək Ucar rayonu ilə birləşdirilmişdir. 06 yanvar 1965-ci il tarixdən Zərdabın müstəqil rayon statusu bərpa edilmişdir
15 mart 1968-ci il tarixdə, Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Zərdab qəsəbəsinə şəhər statusu verilmişdir. \\Ens.az