Elşad Miri mübahisəli mövzuya AYDINLIQ GƏTİRDİ - Azərbaycanın 99 faizi özünü müsəlman adlandırır, amma...
Azərbaycanda çox az sayda adam olar ki, onun banklara kredit borcu olmasın. Çünki əhalinin əksəriyyəti ya xaricdə işləyən yaxınlarının göndərdiyi pulla, ya da bankdan aldıqları kreditlə dolanırlar. Hətta telefon, hansısa ev əşyasını, hətta geyimlərini belə kreditlə alanlar var. İnsanlar külli miqdarda məbləği banklardan alır, sonra isə onu faizilə az-az ödəyirlər.
Bəs banklardan kredit götürmək haramdır?
Məsələ ilə bağlı Referans.Az-a danışan dinşünas Elşad Miri bildirib ki, insanlar kef üçün və ya hər hansısa bir şeyi dəyişdirmək üçün kredit götürürsə, bu düzgün deyil:
“Quranda kredit götürmək, sələm almaq birmənalı olaraq Allaha və onun elçisinə savaş açmaqdır. Yəni bizim dildə istifadə olunan sələmdən söhbət gedir. Ərəb dilində sələm sözü tamam ayrı bir məna verir. Təəssüflər olsun ki, bu gün Azərbaycan əhalisinin 99 faizinin müsəlman olduğu bildirilir, lakin bu müsəlmanların çox böyük bir hissəsinin banklara kreditlə pul götürdüklərinə görə ciddi şəkildə borcları var. Bu gün insanların kef üçün və ya hər hansısa bir şeyi dəyişdirmək üçün kreditə girməsi sonradan həmin o kredit götürülən yerin qulu halına çevrilməsinə səbəb olur. İnsan əsir alınmış kimi olur”.
Dinşünas qeyd edib ki, keçmişdə Daş dövrü, Tunc dövrü adlandırdığımız kimi müsir dövrümüzdə də təəssüflər olsun ki, insanlar üçün kredit dövrü adlandıra biləcəyimiz bir məsələyə gəlib çıxıb: “Bu məsələdə banklar vasitəçilik eləmək əvəzinə daha yüksək faizlərlə insanların əlində müəyyən vəsaitin olmamağından istifadə edərək mənimsəmə prosesini davam etdirirlər. Faiz cəmiyyətin başına açılan çox ciddi bir bəladır. Bu insanların özündən sonra övladlarına qoyduqları çox çirkin bir mirasdır.
Elşad Miri əlavə edib ki, siz kredit götürməklə hər hansısa bir məsələni həll etməyə çalışırsınız, amma bu eyni zamanda Allaha və elçisinə savaş açmaqdır. Bu nə dərəcədə düzgündür? İnsanlar bu məsələyə çox ciddi yanaşıb bu kimi əməllərdən çəkinməlidirlər.
Aqil Qarayev