Bu gecə Bakı yaxınlığında, Xəzər Dənizində və regionlarda zəlzələ baş verib. Zəlzələnin 5,5 bal gücündə olduğu bildirilir. Fövqəladə Hallar Nazirliyi zəlzələ nəticəsində hər hansı tələfat baş verməsi ilə bağlı quruma məlumat daxil olmadığını bildirib.
Bakı yüksək ballı zəlzələ üçün təhlükəsiz şəhərdimi? Binalar neçə ballıq zəlzələyə davamlıdır?
Bakı seysmik, 8-9 ballıq zəlzələ zonasında yerləşən şəhərdir. Bu isə o deməkdir ki, Bakıda 8-9 bal gücündə də zəlzələ baş verə bilər. Amma mütəxəssislər bunun 50-100, hətta daha çox illərdən sonra baş verə biləcəyini ehtimal edir.
Bakıda tikilən binalar hansı normalara əsaslanır?
Azərbaycanda “Seysmik rayonlarda tikinti” normaları 2010-cu ildə yaradılıb. Buna qədər tikintidə sovet dövründəki normalara istinad edilirdi. 2013-cü ildə isə “Şəhərsalma və Tikinti Məcəlləsi” parlamentdə qəbul olunub və Prezident fərmanıyla qüvvəyə minib. Hazırda ölkədə tikinti aparanlar bu Məcəllə əsasında fəaliyyət göstərir.
Həmçinin Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq qəbul edilmiş normativ-hüquqi və normativ-texniki sənədlər əsasında layihələndirmə, tikintiyə icazə və tikintinin gedişinə nəzarət həyata keçirilir ki, bu səlahiyyət də Fövqəladə Hallar Nazirliyindədir. \\BBC News Azərbaycanca