Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
“Papa delikates monopolistidir, Çinə ət vurur”

Qaçqınçılığın təzə vaxtıydı, qohum-əqrəbanın bir hissəsi gəlib Bakıxanov qəsəbəsində, “stansı Razin” adlanan vağzalın yaxınlığınakı texniki-peşə məktəbinin yataqxanasına yerləşmişdilər. Hərdən güzarım düşürdü, ora gedirdim.
Həmin peşə məktəbində şagirdlərə nə öyrədirdilər, bilmirəm, amma məktəbdə Vyetnamdan gələn tələbələr də oxuyurdular. Arıq, balacaboy gənclər idi. Yataqxananın böyük hissəsində məcburi köçkünlər məskunlaşmışdı, bir neçə otaqda isə vyetnamlılar otaqda qalırdılar.
Sakit, heç kimə dəyib-dolaşmayan uşaqlar idi. Nə köçkünlər onların dilini bilirdilər, nə də onlar bizim dili. Ünsiyyət əmsalı sıfırın üstündəydi.
Bir gün yataqxananın həyətinə gedəndə bekarçılıqdan ayağımı peşə məktəbinin darvazsının ağzında nərd oynayan kişilərin yanında saxladım, gördüm, vyetnamlılardan danışırlar. Ağsaqqallardan biri belə deyirdi: “Hacı Qaraman haqqı, onda gördüm ki, o burda sülənən itlərdən birini qısıxdırıb, saldılar şeytanlığa, basmatlayıb tutdular və çığırda-çığırda apardılar”.
Bu yerdə iki zəruri qeyd: 1. Əgər bir nəfər Hacı Qaramana andi içirsə, o cəbrayıllıdır, yox, Seyid Əşrəfin cəddinə and-aman edirsə, yüz faiz Füzulidəndir. 2. Söhbətdə “şeytanlıq” kəlməsi keçirsə, bu, o demək deyil ki, iblislərin, şeytanların, həyulələrin toplaşdığı məkan nəzərdə tutulur, bu, el arasında “urus ağacı” adlandırılan, pis iyli yarpaqlara malik, ibtidai ağacların cəngəliyyi deməkdir. O ağacların nə kölgəsi var, nə meyvəsi, nə oduncağı. Heç közü də olmur. Amma son dərəcə həyasız olan bu ağac növü sürətlə çoxalır, bir-iki əl dəyməsələr, cəngəllik əmələ gətirir.
Cəbrayıllı ağsaqqalın sözündən belə anlaşıldı ki, vyetnamlı tələbələr süləngi iti məhz peşə məktəbinin divarı boyunca artıb-törəmiş ağaclığa salıb, orada ənsələyiblər.
Başqa bir ağsaqqal dedi, bu balaca gədələr o iti neynəyirlər, kimdir onlara pul verib alan. Deyəsən, kişi elə bilirdi ki, vyetnamlılar iti satmaq üçün tutublar. Amma onun bu versiyasının qarşısına nərd oynayanlara baxan və nisbətən cavan olan bir eloğlu öz ehtimalını qoydu: “Vallah, maa elə əlir ki, bu vetnamlı gədələr o itləri kəsib yeyirlər”.
Bax, bu yerdə “cüt beş” atmış və “bu biri, bu iki, bu da tri” deyə daşları xanalara otuzduran oyunçu da, onun zərləri ovcunda oynadan rəqibi də başlarını taxtadan qaldırdılar. Oyun dayandı. Ətrafdakılar, indiki dildə desək, şoka düşdülər. Bu son saniyə şokuydu. Çəkən olsa, situasiyanın əla anbaan videosu çıxardı. Vyetnamlı tələbələrin əba-əcdadına söyənlər oldu: “İt əti də yeyilərmi, a kişilər? Biz burdan-bura metis qoyunların ətini yeyəndə çimçəşirik, bu oğraşlar bunu nə təhər yeyir, əə?”. Özünü öyüyürmüş kimi göstərənlər, bu söhbətə inanmayanlar da oldu.
Aradan 5-6 ay keçmişdi. Yenə yolum o tərəflərə düşdü. Həmin adamlar yenə nərd oynayırdılar. Salam-kəlamdan sonra yavaşca soruşdum ki, o vyetnamlılar necə oldular. Biri dedi ki. oxuyub qurtardılar, getdilər öz ölkələrinə. Bir nəfər isə əlavə informasiya verdi: “Amma sağ olsunlar, bu teratoriyada bir başı dəbərən tazı-tula qoymadılar, hamısını şeytanlıqda kabab eləyib yedilər”.
Ondan bir neçə il sonra məlum oldu ki, bir vyetnamlılar deyil, koreyalılar, kambocalılar, çinlilər də it ətindən imtina etmirlər, bizdə “quzu kababı” necə delikates və hörmətli təamdırsa, onlarda da küçük qovurması elə rəğbətli yeməkdir.
Ta heç nə. Hətta 2022-ci ildə Cənubi Koreya və Yaponiyada keçirilən futbol mundialı ərəfəsində beynəlxalq təşkilatlar ayağa qalxmışdı ki, Cənubi Koreyada itlərin kütləvi şəkildə kəsilməsi davam etsə, ölkəyə sanksiya tətbiq olunacaq. O vaxt bizdə də qorxanlar oldu ki, həmin təşkilatlar bir gün bizim qoyun-quzu yeməyimizə də qarışa bilərlər.
İndi deputat Tahir Kərimli deyəndə ki, gəlin itləri yığıb Çinə, Koreyaya verək, bu, təsadüfi söhbət deyil. Adları çəkilən ölkələrin it ətinə düşgün olduğu yayğın söhbətdir.
Fikir verin, deputat demir ki, sahibsiz itləri güllələyək, yandıraq, deyir ki, onları xaricə sataq. Düzdür, orada onları onsuz da kəsib yeyəcəklər, amma günah bizdən getmiş olur, həm ölkəyə valyuta gələr, həm də camaatın canı sərgərdan, sahibsiz itlərdən qurtarar.
Bəlkə də işlər rəvan, rus demişkən, “xod” getsə, burada it ferması yaratmaq, Asiya ölkələrinə diri və kəsilmiş it cəmdəkləri göndərmək olar. Bir də görərik, biri oliqarx-oliqarx gəzir, kənardan baxanlar da deyir, elə-belə adam deyil e, Çinə it əti vurur, filankəslə də şərikdir.
Hətta ola bilər, adam bir az şişəndən sonra kimsə görər ki, bu işdə yaxşı pul var, gəlib çökər onun boğazına, deyər, ya fermaları satassan, ya da səni itqusdu etdirib, basdırcağıq it damına. Bir azdan sonra “yeni və uğurlu biznesmen”in övladları orda-burda öyünərlər ki, ataları “delikates monopolisti”dir, Çində, Koreyada distribütörləri də var.
Fərasətli adam ayrıdır. Bax, o vaxt peşə məktəbinin yataqxanasında qalan və ətrafdakı sahibsiz itlərə qarşı, ağlr terminlərlə desək, soyqırım siyasəti yeridən, yüngül yanaşsaq, sanitar-profilaktik tədbirlər görən vyetnamlı tələbələrdə biznes dəhası olsaydı, çoxdan bu işə girişərdilər. Zalım balası, görürsən, ölkənizdə ehtiyac var, bunlar da burada küçələrə tökülüb, özləri də sahibsizdirlər, bunun biznesini qur də. Özün yedin, başını dolandırdın, bəs xalq, bəz aclıq çəkən insanlar necə olsun?
Ona görə də deputatın sözünü qəribçiliyə salmayaq. Odur, Türkiyədə qurbağanı yemirlər, amma paketləyib Fransaya göndərirlər. Hindistanlılar da inək, dana yemirlər, bizə göndərirlər. Biz də atlarımızı dərələrdə çaqqala yedirtməkdənsə, atyeyən ölkələrə göndərə bilərik.
Dünyanın işi belədir: paylaşmaq lazımdır. Yoxsa “itə ataram, yada satmaram” patriotizmi indi aktual deyil. Ona görə də iti atmaq olmaz, yada satmaq xeyirlidir. \\Musavat.com

Tarix: 01 iyun 2023
Baxış: 228

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş