Şimali Koreyada 2 yaşlı körpə ailəsinin dini inancına görə ömürlük həbs edilərək əsir düşərgəsinə göndərilib.
Gender.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu ABŞ Dövlət Departamentinin hazırladığı "Beynəlxalq Din Azadlığı Hesabatı"nda yer alıb.
Qeyd olunub ki, 2 yaşlı körpənin valideynlərinin evindən İncil tapıldığı üçün o da cəzalandırlıb.
Sənəddə 70 mindən çox xristianın inanclarına görə həbs edildiyi öz əksini tapıb.
Açıq Qapılar ABŞ (ODUSA) adlı qeyri-hökumət təşkilatı bildirib ki, Şimali Koreyada ailələr öz dini inanclarını uşaqlarından gizlədirlər və ya uşaqlarını heç bir inanc əlaməti göstərməməyə təşviq edirlər.
Hesabatda Şimali Koreyalıların sırf dini inanclarına görə işgəncələrə məruz qalması halları, o cümlədən 2011-ci ildə yaşlı qadının nəvəsi ilə birlikdə güllələndiyi yazılıb.
Başqa bir iddiaya görə, edam edilməyən qurbanlar “göyərçin işgəncəsi” adlı işgəncəyə məruz qalıb. Belə ki, məhbusların əlləri arxadan bağlanaraq günlərlə asılıb.
ABŞ hesabatında uşaqların Şimali Koreyada kilsə mərasimlərinə heç vaxt qatılmadığı vurğulanıb və kilsəyə gedənlərin 65 yaşdan yuxarı qocalar və 40 yaşdan yuxarı qadınlardan ibarət olduğu öz əksini tapıb.
Qeyd edək ki, Şimali Koreya konstitusiyası öz xalqına dini etiqad azadlığına zəmanət verir. Kim Çen In rejimi buna sübut kimi ölkədə tikilmiş kilsələri göstərsə də, Qərb mətbuatı bunun yalnız “şou” məqsədi daşıdığını bildirir. \\Ölkə.Az