Redaktor seçimi
    Ərdoğan seçilsə, ilk səfəri bu ölkəyə edəcək
Xəbər lenti
Reklam
Rzanı yubileyində həbs etdilər: qisas alırlar - Video
Yaratdığı Drakon obrazı ilə yaddaşlara köçən Rza Rzayev xarakterdir, tipdir, unikaldır, özünəməxsusdur.
Aktyorluq – bəlkə də onun bacarıqları içərisində ən sonuncusudur. Daxilən aktyor deyil, amma bəzi obrazlar onluqdur: məsələn, Cavad xanın oğlu, məsələn, düşmənə qarşı son damla qanına qədər vuruşan Drakon...
Drakon onun boyuna biçilən obrazdırmı? Yox, Drokan məhz elə Rzadır – sərt, sözü dik üzə deyən, güzəştsiz, yoldaşını belə bağışlamayan, dediyindən dönməyən, amma Vətəni üçün, elə əl qaldırdığı yoldaşı, yurddaşı, silahdaşı üçün bir anda “uf” demədən, canını verməyə hazır adam.
Ürəyini kimsəyə açmır, çox qürurludur, amma bir isti sözün başına dönməyə hazırdır: söz ki yaradıcılıqdan, kinodan, millətdən, xalqdan, dövlətdən düşdü – o boyda bədəni ilə bir ürəyə dönər, döyünər, çiçək kimi açar, işıqlanar, uşaqlaşar, gözləri dum-duru durular...
Daşıdığı qanın daxili informasiya yükü o qədər güclüdür ki, çəkə bilmir: gah filmə gəlir, ürəyinin hökmünü icra edə bilmir, ayrılıb gedir, aylarla, illərlə yoxa çıxır; gah ssenarilər, məqalələr yazır, film çəkir...
Ciddi, əhatəli, miqyaslı təhsil alıb – meydanı yoxdur ki, o enerji, o ruh, o qan yaddaşını ifadə etsin.
Genetik kodlarından doğan çılğınlıq və cəsarəti ifadə etməsi də asan deyil: Bu bilək Ötükəndən gəlir, bu ürək Altaydan, bu ruh Bozqırdan, bu dünyagörüş Tenqridən...
Fiziki baxımdan çox hazırlıqlıdır və özünə diqqət yetirməsinə, vaxt edib, idmanla məşğul olmasına təəccüblənmişdim bir neçə il öncə müsahibə alanda. Dedi, bu naturanı film üçün qoruyub saxlayıram, ancaq istifadə olunmur, yaşım keçir: “Bu naturanı nə qədər qoruya biləcəm axı!”
Bir nisgil, itirilən zamana heyfsilənmək, həm də bu zamana meydan oxumaq üçün “naturanı qorumaq” ehtirasını hiss etmişdim.
Zaman ona meydan oxumaq üçün deyil ki - istifadə üçündür!
Və bu Zaman Drakonun zamanı da deyil - heyf ki!
Onu öz zamanına qaytarmaq lazım idi – Ötükənə... Ona Kürşad obrazı vermək lazım idi, Uzun Həsən dövrünə qayıtmalıydı, Eldəgizlərə, Şah zamanına dönməliydi.
O yalnız o zamanları bizim günümüzə daşımaq üçün doğulmuş Tanrı bəxşişidir.
Biz nə vaxt Tanrı bəxşişlərini vaxtında qiymətləndirib, ondan istifadə etdik ki!
Drakon gecə-gündüz işləməliydi ki, o bulaq kimi çağlayan, aşıb-daşan enerji canından çıxın.
Bizsə o enerjini onun içində basdırmaq üçün Rzanı doğulmağına peşman etdik...
Bir dəfə oxumağa məqalə göndərmişdi – onneçə səhifəlik məqalədə bir hərf səhvi belə tapmadım;
Yaratdığı az sayda obrazına baxdım – sünilikdən əsər-əlamət görmədim.
Amma onun nə ssenarisini, nə sözünü gördülər, nə də özünü, naturasını...
Drakonun tarixi filmlərdəki obrazlarının əzəmətini yalnız təsəvvür etmək olar; savadı, məntiqi, bilgisi də bəs qədərdir, rejissorun o obrazla demək istədiyini baxışı, üz cizgiləri ilə deyəcəkdi: əlbəttə ki, səsi, bir də Allahın verdiyi 191 boyu...
Təsəvvür edin: 191 sm boy, o boya uyğun “natura”, milli düşüncə, xarizmatik üz cizgiləri, səs tempi...
Görən olmadı Drakonu, duyan olmadı bu böyük ürəyi, bu xarakteri, bu obrazı, qoruya bilmədik Rzanı...
Bəlkə də çoxları onun necə saf, təmiz ürəyə sahib olduğunu bilmir.
Fitnəyə düşəndə, hiylə görəndə əsib-coşdu – çünki məkrlə savaşın ayrı yolunu təsəvvür belə etmir.
Adam kimi adam, kişi kimi kişidir, mərddir, ürəklidir, istedadlıdır. Yüzlərlə ideyasını həyata keçirmək üçün sadəcə kimlərəsə ağız açmalıydı.
Aça bilmədi!
Yalnız kimlərinsə qapısından əyilib içəri girməliydi.
Girə bilmədi!
191 sm boya boy verəcək qapı tapmadı bu məmləkətdə. Hansı qapıya üz tutdusa, ordan keçmək üçün əyilmək lazım olduğunu gördü. Allahın verdiyi boyu əymək Drakonun xislətində yoxdur, axı!..
17 mayda 50 yaşı tamam oldu. Kimsənin yadına da düşmədi ki, Drakonun yubileyidir. Heç bizim də - bir yubiley yazısı verərdik heç olmasa...
Əvəzində 18 mayda qandallandığı xəbərini aldıq.
Bir istedadı qorumaq, bağışlamaq, bəsləmək, ondan yaxşı mənada istifadə etmək əvəzinə yubileyində qoluna qandal vuran cəmiyyətik!
Biz istedaddan qisas alan xalqıq!
Rza, bağışla bizi...
Tarix: 20 may 2023
Baxış: 663

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}