Sağ ikən özlərinə məzar qazdıranların sayı getdikcə artır. Belə hallara paytaxtın əksər qəbiristanlıqlarında rast gəlmək mümkündür. Bir sıra insanlar bunu normal qarşılasa da, əksər vətəndaşlar bunun islama zidd olduğunu bildirir və yaxud bunu düzgün hesab eləmir.
Bəs, niyə bir insan özünə sağ ikən qəbir qazdırsın və ya məzar daşı düzəltdirsin?
Mövzu ilə bağlı Referans.az-a açıqlama verən ilahiyyatçı Hacı Təyyar Hüseynli bildirib ki, insanlar çox zaman kimsəsiz olduqda və ya hər hansı bir yaxını olmadıqda bu yola əl atır:
“Əslində bu elə bir prosesdir ki, heç kim həyatdan necə köçəcəyini bilmir. Bu gün, bəlkə də minlərlə kimsəsiz insan var. Yəni hərkəs öz valideylərinin və ya yaxınlarının yanındadır və öləndə mütləq bunun yaxınları bu insana sahib çıxacaq deyə bir şey yoxdur həyatda. Heç kim sabah başına nə gələcəyi barəsində heç nə deyə bilməz. Mən belə düşünürəm ki, bu qəbildən olan insanlar daha çox kimsəsiz və öləndən sonra ona sahib çıxacaq birinin olmadığını başa düşən insanlardır. Yəni insan var ki, ətarfında kifayət qədər qohumu və ya yaxınları var. Amma adam da var, fikirləşir ki, mən özüm özümə nəysə etməliyəm, çünki sabah mənə məzar daşı düzəltdirəcək və ya qəbir qazdıracaq heçkim yoxdur. Ölmədən öncə özünə qəbir qazdıran və ya baş daşı hazırlatdıran insanların əksəriyyəti öldükdən sonra heç kimin umuduna almaq istəməyən insanlardır. Yəni onlar öləndən sonra kiməsə möhtac olmaq istəmir. Bu sadəcə həmin insanların sabah üçün özlərinə tədarük görməsidir. İslam dinində bununla bağlı hansısa bir qadağanın olduğunu düşünmürəm. Amma bəzi eqoist insanlar var ki, özünə qəbir daşı düzəltdirir və bu zaman bəzi tipik addımlar atır. Məsəl üçün insanlara deyir ki, mən ölən günümün xərcini çəkmişəm, mənim heçkimə ehtiyacım yoxdur və s. Bu kimi hallar birmənalı deyil və düzgün hesab olunmur. Qaldı ki, islamda bu məslənin təhlilinə, insanların sabahı ilə bağlı hansısa bir tədbir görməyinin islamda qadağası olduğunu düşünmürəm”.