Xəbər lenti
Reklam
“Mən vətənəm” kitabı Mingəçevir Dövlət Universitetində təqdim olundu – FOTOLAR
g
Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Cəbhədən cəmiyyətə” Müharibə iştirakçısı yazarlarla səngər yoldaşlarının görüşləri adlı layihə çərçivəsində 44 günlük Vətən müharibəsi iştirakçısı olan yazarların müxtəlif janr və məzmunlu yaradıcılıq örnəklərindən ibarət yeni nəşr olunmuş kitabın Mingəçevir Dövlət Universitetində təqdimatı keçirilib.
Bu barədə Gender.az-a layihə rəhbəri, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar məlumat verib.
Tədbirdə Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü, şair Elşen Əzim, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, şair Elməddin Nicat, Vətən müharibəsi iştirakçısı, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü Həsən Kür, Mingəçevir Dövlət Universitetinin tələbə və müəllim kollektivi iştirak edib.
Mərasimi giriş sözü ilə açan Təhsil fakültəsinin dekanı, dosent Nizami Zeynalov öncə vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsini təklif edib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra giriş nitqini davam etdirən Nizami Zeynalov kitabın əhəmiyyətindən bəhs edərək kitabı və tədbiri gənclər üçün vətənpərvərlik tərbiyəsinin aşılanması yönündə çox yüksək qiymətləndirib.
Daha sonra söz layihənin rəhbəri şair, Prezident təqaüdçüsü, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşara verilib. İntiqam Yaşar layihə və kitab haqqında, habelə rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında geniş məlumat verərək tədbirin təşkil edilməsinin əhəmiyyətini vurğulayıb. Kitabın aktuallığı, dövrümüzlə bilavasitə səsləşməsi ön plana çəkilib.
Daha sonra şair, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü Elşən Əzim, şair, Vətən müharibəsi iştirakçısı və kitabda şeirləri yer alan Həsən Kür, şair, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü Elməddin Nicat kitab haqqında çıxış edərək kitabdakı şeir və hekayələrin bədii xüsusiyyətlərindən, gənclər üçün faydasından söz açıblar.
Universitet əməkdaşlarından Mahir İsmayılov, İlhamə İsmayılova, Səadət Ağakişiyeva, Ceyran Vəliyeva, Ayna Babazadə, Şəbnəm İslamova, Elnur Salahov kitabla bağlı öz təəssürütlarını bölüşüblər.
Çıxışlardan sonra Təhsil fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III kurs tələblərinin ifasında kitabdan ayrı-ayrı qazi şairlərin şeirlərindən parçalar səsləndirilib.
Tədbirə dəvət olunmuş Vətən müharibəsi iştirakçılarının cəbhə ilə bağlı təəsürüatları, tələbə-gənclərə tövsiyələri dinlənilib. Tədbirin sonunda müzakirələrdə aktiv iştirak edən müəllim və tələbələr diplomlarla təltif edilib. Tədbir xatirə şəkli çəkdirməklə yekunlaşdırılıb.
Onu da qeyd edək ki, adıçəkilən kitabın Sumqayıt şəhərində, Samux rayonunda və Gədəbəy rayonunda 44 günlük Vətən müharibəsi iştirakçılarının, gənclərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş təqdimat törənləri təşkil olunacaq.
                
 
 
   



Tarix: 20 aprel 2023
Baxış: 353

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş