913 min qazanan şəxs: Cekpotdan sonra qohumlarımın sayı artıb - VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycanda lotereya tarixində ən böyük uduş qazanılıb. Tarixi uduş Azərbaycanın qanuni lotereya təşkilatçısı "Azərlotereya” ASC-nin təşkil etdiyi "4+4” tirajlı lotereyasının 27 fevralda keçirilən 23091 nömrəli tirajında qeydə alınıb.
Şanslı qalib bir biletlə 913 072 manatlıq cekpota sahib olub.
Həmin şəxs Xaçmaz sakini Kamran Məmmədsəidovdur.
Gender.az xəbər verir ki, O, AZXEBER.COM-a açıqlamasında qalib olması haqda danışıb:
"Biletləri alıb evə getdim. Yoxlayanda gördüm ki, qalib olmuşam. Evdəkilərə dedim inanmadılar. Sonra qalib olduğum təsdiqləndi. Pulun 10 min manatını YAŞAT Fonduna, 10 min manatını qardaş ölkə Türkiyəyə, 10 min manatını isə Heydər Əliyev Fonduna köçürmək istəyirəm. Kəndimizdə məscid var, onun təmirinə pul ayırmaq istəyirəm. Mən işimə davam edəcəyəm, məni oradan uzaqlaşdırana qədər orada işləyəcəyəm. İşimə fəhlə kimi başlamışam”, - deyə o bildirib.
Həmçinin o bildirib ki, pulu qazandıqdan sonra qohum-əqrəbaları çoxalıb:
"Pulu qazandıqdan sonra mən dəyişməmişəm. Ətrafım da dəyişməyib, amma qohum-əqrəbalarımın sayı artıb. Özümü yuxuda hiss edirəm. 2023-cü il mənə düşərli oldu. Bu il həm 50 yaşım oldu, həm evliliyimin yubileyidir. Yuxuda görmüşdüm ki, 900 min udmuşam, amma bir milyon deyildi deyə deyinirdim, yuxum çin oldu”.