Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Dünyanın 100 ən yaxşı həkimi siyahısına düşən azərbaycanlı kimdir? - DOSYE

Hazırda Azərbaycan kənarda fəaliyyət göstərən bir çox tibb xadimləri var. Onlar həm tibbi, həm də elmi fəaliyyətləri ilə yaşadıqları ölkələrdə Azərbaycanı uğurla təmsil ediblər.

Zaman-zaman bu cür el və tibbi xadimləri ilə bağlı maraqlı məlumatları oxucularla da paylaşacağıq.
Bu cür insanlardan biri –professor Məmməd Bağırovla bağlı bilgiləri təqdim edirik:

Gədəbəydən Kiyevə

Bağırov Məmməd Mənsur oğlu 3 noyabr 1942-ci ildə Gədəbəy rayonu Qaraməmmədli kəndində anadan olub. Orta təhsili doğma kəndindəki orta məktəbdə alıb. 1964-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu tamamlayıb və həmin ildən 1968-ci ilədək Gəncə şəhərindəki xəstəxanalardan birində cərrah işləyib.

 1968-1972-ci illərdə Kiyevdəki Həkimlərin İxtisasartırma İnstitutunun cərrahiyyə kafedrasının aspirantı olub.
 Dissertasiyanı uğurla müdafiə edərək elmlər namizədi dərəcəsi aldıqdan sonra, 1972-1975-ci illərdə Kiyev şəhəri 6 saylı xəstəxananın Torakal cərrahiyə kafedrasının əvvəlcə ordinatoru, sonra isə kafedra müdiri vəzifələrində işləyib. 1975-1977-ci illərdə  Kiyevdəki Torakal Cərrahiyə Mərkəzində cərrah işləyib.

Bağırovun bundan sonrakı fəaliyyəti Kiyev Həkimlərin Təkminləşdirilməsi İnstitutu ilə bağlı olub. O, 1977-1986-ci illərdə bu müəssisənin Pulmonologiya kafedrasının asistenti, 1986-1990-cı illərdə dosenti və 1990-dan sonra professorudur. 1988-ci ildə “Traxeya xəstəliklərinin cərrahi müalicəsi” mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsi alıb.

Məmməd Bağırov 1977-ci ildən bugünəcən cərrahların, pulmonoloqların və bronxoloqların hazırlanması istiqamətində böyük əmək sərf edib.  O, pulmonologiya və torakal cərrahiyyə üzrə metodik vəsaitlərin müəllifidir. Alimin dəstəyi ilə həkimlərin tədrisi üçün müvafiq kompyuter proqramı hazırlanıb. Professorun rəhbərliyi altında 7 namizədlik və 2 doktorluq dissertasiyası müdafiə edilib.

Dünyada aparıcı mütəxəssis

Professor Bağırov rekonstruktiv torakal cərrahiyyə üzrə dünyada aparıcı mütəxəssislərdən sayılır. Onun nailiyyətləri 300-dən çox elmi işdə, o cümlədən 6 monoqrafiyada öz əksini tapıb. Həzm sistemi xəstəliklərinin müayinəsi və müalicəsi ilə bağlı 22 müəlliflik şəhadətnaməsi və patenti var.

Dünyada 100 həkimdən biri

1997-ci ildə pulmonologiya sahəsində xidmətlərinə görə Məmməd Bağırov Ukrayna Dövlət Mükafatına layiq görülmüş, 2008-ci ildə isə ona Ukrayna Respublikasının Elm və texnika üzrə əməkdar elm xadim fəxri adı verilib. Azərbaycanlı alim həm Avropanın, həm də Amerikanın Kardiotorakal Cərrahlar Assosiasiyasının üzvüdür. 1998 və 1999-cu illərdə Amerika və İngiltərə bioqrafiya cəmiyyətləri Məmməd Bağırovu dünyanın 100 ən yaxşı həkimi siyahısına salınıb.

Mənbə: Moderator.az 

Tarix: 09 mart 2023
Baxış: 229

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş