Xəbər lenti
Reklam
Apreldən məktəblərdə yeni formalar tətbiq olunacaq? - AÇIQLAMA

Bakının bəzi məktəblərində rəhbərlik tərəfindən şagirdlərə aprel ayının 15-dən etibarən dərsə məktəb tərəfindən müəyyən olunmuş geyim formasında gəlmələri ilə bağlı göstəriş verilib.
Gender.Az xəbər verir ki, bu barədə  Sfera.az-a valideynlər müraciət ediblər. Onlar bildirirlər ki, tədris ilinin sonunadək şagirdlərə yeni geyim formaları ilə yanaşı əvvəlki məktəbli formalarından istifadəyə icazə verilirdi. Lakin qəfildən verilən bu qərar onlarda narahatlıq yaradıb.
Məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, 2022-2023-cü tədris ili üçün yeni məktəbli formalarının alınması könüllülük əsasında tənzimlənir:
“Şagirdlər ötən tədris ilindəki məktəbli geyimlərindən də istifadə edə bilər və ya sadəcə ağ köynək, qara (tünd göy) şalvarda (ətəkdə) gələ bilərlər.
Qeyd olunan məsələ ilə bağlı valideynləri maraqlandıran hər hansı sual olarsa, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 146-1 Çağrı Mərkəzi vasitəsilə anonim olmadan məlumat vermələri xahiş olunur”.
Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev tədris ilinin əvvəlində yeni geyim formalarının məcburi olmayacağını açıqlamışdı. Onun sözlərinə görə, artıq növbəti tədris ilindən etibarən yeni məktəbli formalarının tətbiqinə başlanılacaq. Bu qərar 2022/2023-cü tədris ilindən tətbiq edilir, hazırda istifadədə olan geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək tətbiq edilə bilər.

Tarix: 20 fevral 2023
Baxış: 298

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş