Son günlər televiziya məkanlarında teleaparıcılar Elgizin, Tarix Əliyev (Tolikin) səhər verilişlərində, Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevin tok-şoularında həkimlər ekspert kimi saatlarla oturur, insanlara guya məsləhətlər veririlər. Bu isə cəmiyyətdə insanlar arasında narazılıq yaradır. Buna səbəb isə aparıcıların bu verilişlərdə həkimləri "ölkənin nömrə 1 həkimi", "ən yaxşı cərrah", "ən yaxşı travmatoloq", "ən bacarıqlı ginekoloq" və s. kimi təqdim etməsidir. Məsələnin digər tərəfi isə həmin həkimlərin qiymətlərinin baha olmasıdır.
Gender.Az xəbər verir ki, tibb elmləri namizədi, alim Rəşid Mahmudov Demokrat.az-a açıqlamasında həkimlərin reklam edilməsinin düzgün olmadığını bildirib. O, hesab edir ki, yaxşı həkim reklam olunmamalıdır:
"Bu, düz deyil. Həkim reklam olunmamalıdır! Mən bunu Xoşqədəmin özünə də dedim ki, bir nömrəli həkim nədir? O qədər ölkəmizdə savadlı həkimlər var. İstəyən insan savadlı həkimi tapır, onun reklama ehtiyacı yoxdur. Həmin həkimin bircə xəstəsi olsa, bütün dünyaya yayılacaq. Belə şeylər düzgün deyil! Ümumiyyətlə, nə dərman, nə də həkim reklam olunmamalıdır".
Nəzrin