Nyu Yorkda polis işləyən azərbaycanlı qadın: "Bakıda evimiz polis bölməsinin üstündə idi"
"Bakıda Azadlıq prospektində yaşayırdıq və evimiz polis bölməsinin üstündə idi".
Bunu ABŞ-ın Nyu York şəhərində polis işləyən azərbaycanlı qadın Nisə Hacıyeva "Report"un yerli bürosuna müsahibəsində deyib.
N.Hacıyeva bildirib ki, ailəsi onu hələ uşaq yaşlarından bütün mövzularda hər zaman dəstəkləyib:
"Anam mənə deyirdi ki, nə olmaq istəyirsənsə, o peşəni özün seçməlisən. Bakıda Azadlıq prospektində yaşayırdıq və evimiz polis bölməsinin üstündə idi. Atamla balkonumuzda oturanda həmişə polisləri görürdüm və onların polis bölməsinə gətirdikləri cinayətkarlarla necə davrandıqlarının canlı şahidi olurdum. Həmişə fikirləşirdim ki, polis olmaq çətin işdir. Bir qadın olaraq polis olmaq isə vəziyyəti daha da çətinləşdirir. Azərbaycanda heç qadın polis görmədim, ancaq ABŞ-da, xüsusilə də, Nyu Yorkda qadın polislər çoxdur. Anamı indi yanıma gətirmişəm, o bizimlə yaşayır. Atam isə artıq vəfat edib və təəssüf ki, bu uğurumu görmədi".
"İşə qəbul prosesinə gəlincə, onu deyə bilərəm ki, olduqca çətin prosesdir. Öncə onlar Azərbaycana sorğu göndərərək mənim doğulduğum gündən bu günə qədər bütün həyatımı araşdırdılar. Polis Akademiyasına qəbul olmaq üçün isə mən bir neçə imtahan verməli oldum. Bunlardan biri psixoloji imtahan idi və olduqca çətin keçdi. Bəzən elə suallar verirlər ki, çıxılmaz vəziyyətdə qalırdım. Ancaq həmin imtahandan da müvəffəqiyyətlə keçdim. Daha sonra yazılı və fiziki imtahanı uğurla tamamladım. Bütün şərtləri ödədikdən sonra 2020-ci ildə Polis Akademiyasına qəbul oldum. 6 ay müddətində həmin akademiyada təhsil aldım. Mənimlə eyni vaxtda akademiyada 500 tələbə təhsil alırdı. Mən onların arasından seçilərək "Kəskin nişançı” (Sharp Shooter) nişanı aldım. Silah istifadəsində birinci idim. Açığı, o günə qədər əlimə silah almamışdım və belə bir istedadımın olduğunu da elə təhsil alanda öyrənmiş oldum. Yeni-yeni çox həyacanlı idim. Çünki bu sahədə heç bir təcrübəm yox idi. Belə ki, polis bölmələrində çalışanların çoxu hərbidən gəlib polis olurlar. Bu isə vəziyyəti asanlaşdırır. İndi artıq alımışam və sevinirəm ki, işlədiyim NYPD-nin çox gözəl kollektivi var. Hər kəs bir-birini çox dəstəkləyir", - o bildirib.