Əlinə qızılgül tikanı batmışdı, qaraciyəri sıradan çıxırdı - İnsan vücudunun qəribəlikləri
"İnsan vücudu elə bir aləmdir ki, sinir əzələyə, əzələ vətərə, vətər sağlam düşüncəyə bağlanar. Və sağlam düşüncə ruhun məkanıdır" Cərrah, ailə həkimi, dəfələrlə "İlin kitabı" nominasiyalarnı qazanmış Gavin Francis həkimlik təcrübəsindən qaynaqlanan çox maraqlı pasiyent hekayələri ilə orqanlarımızın işini, müalicənin necə təsir etdiyini, adi hesab etdiyimiz xırda bir məsələnin insan həyatına necə son qoymasını bədii dildə təsvir edən həkim yazıçıdır.
Onun "İnsan vücuduna səyahət" kitabının Qaraciyər bölümündən bir diaqnozun tarixçəsini təqdim edirik:
"Bir dəfə gündəlik işini görərkən əlinə tikan batmışdı. Yarası bir az qanamışdı, amma Nim çox da fikir verməmişdi. Ertəsi gün özünü pis hiss etmişdi: başı fırlanırdı, istiliyi var idi, kefsizdi və əzələləri ağrıyırdı. Erkən işdən ayrılmaq məcburiyyətində qalmış və səndələyərək daxmasına dönmüşdü. Qripə tutula biləcəyini düşünürdü. Sonrakı gün baş bağban ona görəcəyi işləri tapşırmaq üçün gələndə, Nimin addım atacaq halı yox idi. "Ən yaxşısı bu gün yat, dincəl", demişdi ustası. Gedərkən pəncərədən baxdıqda gənc qadının divana istinad etsərildiyini görmüşdü. Pəncərəni taqqıldatmış, amma cavab almamışdı. Bundan sonra qapını qırıb içəri girmiş və ambulans çağırmışdı.
Nim ilə ilk qarşılaşmam, o reanimasiyada balonlarla tənəffüs cihazına qoşulmuş vəziyyətdə ağzından, burnundan, boynundan, biləyindən, qolundan və sidik kisəsindən girib çıxan elastik borularla yatarkən oldu. Buynuz təbəqəsini qorumaq üçün gözləri bintlə qapadılmış, sinəsinə ürək döyüntülərini qeyd edən kabellər bağlanmışdı.
Qulaq sırğalığına taxılmış plastik sıxacın üzərində qırmızı bir işıq yanırdı. Həmin sıxacın qoşulduğu aparat qandakı oksigenin səviyyəsinə ardıcıl nəzarət edirdi. Qızdırma içində yatarkən vücuduna bir yandan antibiotiklər yeridilir, qan pompalanır, ürək sıxılmalarını gücləndirən dərmanlardan ibarət olan bir qatışıq axır, bir yandan da transfuziya (qan köçürmə) edilirdi. Saçları yastığa qara bir dairə kimi dağılmışdı. Damara düşmək üçün cəhd edilərkən boynundan axan qan damlaları ağ mələfənin üzərində tünd ləkələr buraxmışdı.
Gülün tikanındakı stafilokokk bakteriyaları Nimin qanına keçib çoxalmağa başlamışdı. Bakteriyalardan çıxan toksinlər bədən funksiyasının normal idarəsinin ahəngini pozurdu. Şüurunu itirməsindən sonra qanında laxtalanma pozulması yarandı; gövdəsində, qol və ayaqlarında dəri altında qırmızı ləkələr şəklində qanaxma mərkəzləri meydana çıxarkən, yaranan laxtalanma məhsulları qan axınına mane olmuş və başqa yerlərin oksigensiz qalmasına gətirib çıxarmışdı.
Artan bakteriyaların kiçik topaları (kaloniyaları) qan dövranı ilə əl və ayaq barmaqlarının uclarına çatır və burada ucundan solmağa başlayan yarpaqlar kimi qara ləkələr yaradırdı. Normal şərtlərdə arteriya və venaların daxili səthində hüceyrələrarası sıx əlaqələr qan təzyiqini normal səviyyədə saxlayır, amma Nimin immun sisteminin bakteriyalarla mübarizədən ötrü hazırladığı kimyəvi maddələr bu sıx əlaqələri həll etdiyi üçün kapillyarlardakı maye xaricə sızmağa başlamışdı. Çay daşqınları nəticəsində ətrafı sel basdığı kimi, incə bədəni maye ilə dolurdu.
Başlanğıcda infeksiya sadəcə qan dövranında idi, fəqət tarazlığın pozulması ilə digər orqanlarına da sürətlə yayılmağa başladı. İmmun sistemin hüceyrələrində sintez edilən xəbərdaredici proteinlər hədəfdən yayınmış, qaraciyər hüceyrələri çarpaz atəş altında qalmışdı. Bu orta zədənin seyrini biokimyəvi analizlərin nəticələrinin yazıldığı yaşıl kağızlardakı qeydlərdən izləyirdim. Albumin səviyyəsi düşməyə başlamışdı; qırmızı qan hüceyrələri parçalandıqca daxilindəki hemoqlobin "bilirubin" adlı tullantı məhsula çevrilirdi. Qaraciyər funksiyasını yerinə yetirə bilmədiyi üçün "bilirubin”i dəyişikliyə uğradıb, öd yollarına keçə biləcək vəziyyətə gətirən, normalda olduğu kimi öd kisəsinə boşalda bilmirdi. Dolayısı ilə qandakı bilirubinin səviyyəsi getdikcə artırdı. Bilirubin yüksəldikcə dərini, vücudu sanki özünü içəridən mumiyalayırmış kimi sarıyırdı. QQT və ALT səviyyələri yüksəlirdi; əvvəl normanın iki qatına çıxdı, sonra dörd qatına və yüksəlməyə davam etdi.
Patronu Nimin daxmasına göz atarkən siyirmələrdən birində köhnə bir ünvan dəftərinə rast gəlmiş, ailəsini tanıyan birini tapmaq ümidilə dəftərdəki hər kəsə növbə ilə zəng etməyə başlamışdı. Bir neçə uğursuz cəhdin ardından köhnə məktəb yoldaşı çıxan bir gənc Nimin anasının telefon nömrəsini vermişdi. Bağbanbaşı qadına zəng edib pis xəbəri verdi; Nimin anası bir neçə saat sonra xəstəxanada idi.
Yüksək və ehtişamlı görünüşü, dəbdəbəli cəhəti ilə Rokoko tərzli bir kafedral məbəd əməkdaşına bənzəyirdi. Səsi əzik pul kimi xışıldayırdı. Nimdə septisemiya (qan zəhərlənməsi) olduğunu, qara ciyərinin və böyrəklərinin qismən finksiyadan düşdüyünü bacardığım qədər açıq başa saldım. Dərisində yaranan qırmızı xalların səbəbi infeksiya idi. Ürək döyüntüləri zəif, qaraciyərin funksiyası yetərsizdi; ən yüksək dozada antibiotik verir, transfuziya edirdik. Anası mənə üzümdən o ana dair detallarla bağlı ipucu deyil, sonrasında nələr olacağını oxumaq istərcəsinə, geniş açılmış gözləri ilə baxırdı.
"Nə olacağını biz də bilmirik," dedim, "amma önümüzdəki bir neçə saat kritikdir..."
"Yaxşı, mən burada olacağam," – dedi.
Daha sonrakı biokimya testi nəticələrində sadəcə yüngül bir dəyişiklik vardı, amma heç olmasa qaraciyər funksiyası ilk dəfəydi ki, daha da pisləşməmişdi. Ertəsi və ondan sonrakı səhər xəstəxanaya gələndə Nimin anasını yatağın baş tərəfindəki kresloda yatan gördüm. Qızı ilə ayrı düşdüyü onca ilin sanki əvəzini çıxmaq istəyirdi. Ertəsi gün laboratoriyadan gələcək qan testinin nəticələrini gözlərkən hər dəfəkindən daha həyəcanlıydım; telefon edib nəticələri soruşdum. "Xəbərlər yaxşıdır," laboratoriyanın texniki işçisi dedi. "ALT-si düşüb, albumin bir az yüksəlib." Ertəsi gün bütün parametrlərdə düzəlmə var idi. Məsləhətçi həkim, onu yatırtmaq üçün istifadə etdiyimiz dərmanların dozasını azaltmaq lazım gəldiyini düşünürdü. Anastezist dozanı aşağı saldıqca üstünü bintlə örtdüyümüz gözləri, röyalar aləmində qısılıb qalmışcasına tərpənməyə başladı. Ertəsi gün oyandı.
Nim qaraciyər çatışmazlığının bir addımlığından qayıtmışdı; qan zəhərlənməsi və bundan qaraciyərin zədələnməsi nəticəsində ölümə çox yaxınlaşmışdı. Amma qaraciyər toxuması öz-özünü bərpa etdi və onu həyata qaytardı. Nimi qurtaran xilas edən yaraşıqlı bir şahzadə, ya da anasıyla barışması deyil, öz qaraciyəri idi.
QFT (qaraciyər funksiyası testləri), laboratoriyaya ən çox göndərdiyim analizlərdəndir; hər gün cədvəllərdəki nəticələri araşdırıram. Dərəcələr xüsusilə daha çox alkoqol təsirindən yüksəlir; tövsiyə edilən miqdarı azacıq aşmaq belə qandakı QQT səviyyəsini iki, hətta üç qat artıra bilər.
Bəzən də səbəb dərmanlardır: xolesterolu salan həblər qaraciyər testlərində anormallığa yol aça bilər. Öd daşları bilirubinin ifrazat yolunu tıxayır, inkişaf pozulması albumin səviyyəsini aşağı salır və bəzən də testlərin ortaya çıxardığı xüsusi bir iltihabi durum xərçəngin sakitcə iş başında olduğunu göstərir.
Qaraciyərdəki iltihabi vəziyyətin səbəbini tapa bilmədiyim vaxtlar da olur; o zaman xəstəni biopsiya üçün müasir bir qaraciyər "falçısına" göndərirəm.
Texno-tibbin baş kahinləri daxilə açılan kiçik bir dəlikdən içəri girib bir parça qaraciyər toxuması götürür, nümunəni diqqətlə araşdırır və xəstənin gələcəyi ilə bağlı hökm verirlər. Çıxan qərar ümidqırıcı belə olsa, qaraciyər ümumiyyətlə, özünü bərpa edir. Pəri nağıllarındakı kimi bir xoşbəxt sonluq ehtimalı hər zaman vardır.
Qeyd edək ki, Gavin Francisin bu məşhur, ən çox satılan əsərlərindən olan "İnsan vücuduna səhayət" kitabı Azərbaycan dilinə tərcümə olunub.
Əsərin tərcüməçisi Zahir Məliklidir.
Kitab "Qanun" nəşrlər evində dərc olunub və
satışdadır. \\Medicina.az