“Bu xəstəliyin əsas səbəbləri...” - Məşhur ürək cərrahı Rəşad Mahmudovla müsahibə
Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudovla müsahibəni təqdim edirik:
- Rəşad müəllim, ötən il dövlət büdcəsi müzakirələri zamanı ürək qüsuru ilə doğulan körpələrin müalicəsi üçün əlavə maliyyə ayrılmasını təklif etdiniz. Hazırda bu sahədə real durum necədir?
- Əlbəttə, 2019-ci ilin dövlət büdcəsində bu nəzərdə tutulub. Lal-kar uşaqların qulağına aparatın implantasiyası, habelə anadan gəlmə ürək qüsuru ilə doğulan körpələrin problemlərinin həlli ilə bağlı maliyyə ayrıldı. Ancaq sözsüz ki, daha dəqiq məlumatları Səhiyyə Nazirliyi verə bilər. Nəzərə alın ki, bu prosesə ümumilikdə nazirlik nəzarət edir. Bu haqda məndə geniş məlumat yoxdur.
Onu deyə bilərəm ki, bu gün Heydər Əliyev Fondu ildə ən azı ürək qüsuru ilə doğulan 100-150 körpəyə köməklik edir. Bu dəstək illərdir ki, davam edir. Eyni zamanda Topçubaşov adına Elmi-Tədqiqat İnstitutunda ildə 200-ə yaxın açıq ürək əməliyyatı aparılır. Sözsüz ki, ölkənin ehtiyac hiss etdiyi say bu deyil. Bizim ölkənin ehtiyacı ildə minimum 700-800 körpə uşağın açıq ürək əməliyyatıdır. Artıq ana qarnında ikən diaqnostikanın olması bizə bu xəstəliklə mübarizə üçün daha böyük imkanlar yaradır. Əvvəllər çarəsi olmayan, anadan olduqdan sonra həyatını itirən bəlli ürək qüsuru olan körpələr vardı ki, indi artıq belə körpələr anadan olandan sonra reanimasiyon tədbirlərlə qısa müddətə həyata qaytarılır. Mərkəzi Gömrük Xəstəxanasında son iki ay müddətində 15-ə yaxın körpə uşaq zəruri göstəriş olduğundan əməliyyata alındılar. Hazırda bu əməliyyatların nəticəsi çox yaxşıdır. Bu həm də Azərbaycan tibbinin səviyyəsini göstərən real durumdur. Əlbəttə, icbari tibbi sığortanın tətbiqi, 2020-ci ildən dövlətin bu xəstəliklərlə mübarizəsi daha intensiv və xəstələr üçün əlçatan olacaq.
- Respublikada ürək-damar xəstəlikləri sanki ildən-ilə gəncləşir. Bu sahədə mövcud durumu necə xarakterizə edirsiniz?
- Ümumi olaraq onu nəzərinizə çatdırım ki, ürək-damar xəstəliklərinin təkcə ölkəmizdə deyil, bütövlükdə dünyada gəncləşməsi müşahidə olunur. Bu real durumdur. Sözsüz ki, bu xəstəlik bizdə də gəncləşir. Hesab edirəm ki, bunun da səbəbləri var. Əsas səbəblər hərəkətsiz həyatın getdikcə artması, insanların masa arxasındakı iş imkanlarının çoxalması, idmanın yerini kompüter və yüksək texnoloji vərdişlərin tutması, yürüş və gəzintilərin azalması, qida rasionundakı problemlər, dünyada qida çatışmazlığı ilə əlaqəli olaraq təbii qidalardan süni qidalara keçid ürək-damar xəstəlikləri üçün ciddi risk faktorlarıdır. Bədənimiz, genetik yaddaşımız belə qidalara alışıq olmadığı üçün, metabolizmdə olan dəyişikliklər bu xəstəliklərin daha erkən yaşda ortaya çıxmasına səbəb olurlar.
- Buna qarşı mübarizə hansı səviyyədə aparılır?
- Sözsüz ki, buna qarşı mübarizə var. Ümumiyyətlə, hər bir ölkədə ürək-damar xəstəliklərinə qarşı dövlətin apardığı mübarizə bilavasitə insanları daha çox maarifləndirmək, idmana meyilliliyin artırılması, zərərli vərdişlərdən uzaq durmaq, qida rasionunun normaya endirilməsi və ən əsası da kütləvi şəkildə istehsal edilən qidalarda duzun miqdarının nəzarət altına alınmasıdır. Çünki ən çox duz ürək-damar xəstəliklərində təzyiqi yüksəldərək böyük problemlər yaradır. Bilirsiniz ki, bu gün şəkər xəstəliyi və təzyiq həm dünyanın, həm də ölkəmizin əsas problemlərindən biridir. Əlbəttə, hərəkətsiz həyat və qida rasionunun doğru qurulmaması şəkərli diabet xəstəliyini artırır, şəkər isə son anda ürək xəstəliklərinin artımına gətirib çıxarır. Bütün bu amilləri yan-yana qoyduqda ürək-damar xəstəliklərinin yaşı getdikcə gəncləşir. Amma bu o demək deyil ki, 20-30 il əvvəl bu xəstəliklər olmayıb. Sadəcə olaraq, onların diaqnozunu qoymaqda gecikirdik. Bu gün ölkədə yüksək texnologiyalı diaqnostik aparatların olması, insanların daha çox cek ap müayinələrdən keçməsi bu xəstəliklərin daha erkən yaşda ortaya çıxarılmasına səbəb olur. Yəni bu da başqa bir amildir.
- Bu il ilk dəfə Azərbaycan səhiyyə büdcəsi bir milyard manatlıq həddi keçdi. Bu məbləği yetərli hesab edirsinizmi?
- Azərbaycan səhiyyə tarixinə 2019-cu il büdcə baxımından psixoloji həddi keçən il kimi düşəcək. Çünki bunu dövlətin səhiyyə sahəsindəki maliyyə siyasətinin yeni dönəmi kimi qiymətləndirmək olar. Əlbəttə, müasir dünyada sığorta ilə əlaqədar insan başına düşən səhiyyə xərclərinin rəqəmlərinə baxanda, bu, ölkədən-ölkəyə dəyişir. Amma mən Milli Məclisdə çıxışlarımda qeyd etmişəm, dünyadakı rəqəmlər belədir ki, bir ölkənin ümumi daxili məhsulunun ortalama 5 faizi səhiyyə xərcləri kimi nəzərdə tutulur. Ümid edirəm ki, bizdə də ayrılan vəsait bu rəqəmə çatacaq. İndiki rəqəm sözsüz ki, mən dediyim standartdan qat-qat aşağıdır. Düşünürəm ki, icbari tibbi sığorta mexanizminin yaradılması, artıq getdikcə səhiyyə ilə bağlı maliyyə siyasətində sistemli şəkildə yeni-yeni addımların atılması dediyim standarta çatmaq üçün ciddi zəmin yaradacaq.
- Artıq icbari tibbi sığortanın tətbiqi mexanizmi yaradılıb, bu sahədə müəyyən addımlar atılıb, qanunvericilik qəbul olunub. Sizin, bu institutdan gözləntiləriniz nədən ibarətdir?
- Hər bir vətəndaşımızın, ziyalımızın, həkimlərimizin, deputatların icbari tibbi sığortadan gözləntiləri çox böyükdür. Biz ümidvarıq ki, icbari tibbi sığorta 2020-ci ildən etibarən ölkənin bütün ərazisində tətbiq ediləcək. Bu zaman həm onun keyfiyyəti, həm əlçatanlığı, həm də xəstə məmnuniyyəti, yəni insanların müraciət etdiyi zaman razı qalacağını səbəb olan sistem qurula biləcək. Bununla əlaqədar ciddi işlər gedir. Biz də qanunverici orqanın təmsilçiləri olaraq qanunverici aktları, cənab Prezidentin bu sahədəki istəkləri istiqamətində addımlar atırıq. Düşünürəm ki, icraedici orqanlar da bu işdə üzərlərinə düşən məsuliyyətin öhdəsindən gələcəklər.\\Teleqraf.com