Xəbər lenti
Reklam
Niyə yarımçıq qalan işlər beynimizi rahat buraxmır?

Gün ərzində tamamlamalı olduğumuz işlər, yarımçıq qalan söhbətlər, verilməmiş qərarlar və həll olunmamış problemlər beynimizi uzun müddət məşğul edə bilər. 
Maraqlıdır, bəzən tamamlanmış bir işdən daha çox yarımçıq qalmış məsələni düşünürük. Psixologiyada bu hal “Zeigarnik effekti” kimi tanınır.
Bəs beynimiz niyə yarımçıq işlərə daha çox fokuslanır?
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Cebheinfo.az”-a bildirib ki, tamamlanmış iş zehində bağlanmış məsələdir, yarımçıq iş isə açıq qalan hesabdır:
“İnsan həmin məsələyə təkcə keçmiş kimi baxmır, ona gələcəklə bağlı ümid və gözlənti yükləyir. “Bunu bacarsaydım, həyatım dəyişərdi” düşüncəsi insanı real nəticədən çox, mümkün olmayan gələcəyə bağlayır. 
İnsan bəzən itirdiyi işi deyil, həmin işin arxasında təsəvvür etdiyi həyatı itirir. Buna görə də keçmişdən qopa bilmir.Yarımçıq məsələ insanın zehnində davam edən daxili mübarizəyə çevrilir. İnsan keçmişi dəyişmək istəyir, amma zamanın geri qayıtmayacağını da bilir. 
“Gecikirəm”, “vaxt keçir”, “daha nə qədər gözləyəcəyəm?” düşüncələri daxili təzyiqi artırır. İnsan tələsir, tələsdikcə daha çox düşünür, düşündükcə məsələni zehnində daha da böyüdür. Beləliklə, keçmişdə baş vermiş hadisə insanın bu gününü idarə etməyə başlayır”.
O bildirib ki, insan beyni komfortu qorumağa meyillidir:
“Motivasiya gözləmək insanı çox vaxt hərəkətsiz saxlayır. Hərəkət, konkret məqsəd və real nəticə motivasiyanın əsasını təşkil edir. Yarımçıq işi mərhələlərə bölmək və növbəti addımı müəyyənləşdirmək diqqəti toplamağa kömək edir. 
Lakin insanın bütün enerjisini keçmişdə qalan məsələlərə sərf etməsi motivasiya deyil, psixoloji ilişib qalmaqdır. Sağlam düşüncə reallığı qəbul etmək, dəyişdirilə bilənlə dəyişdirilə bilməyəni ayırmaq və hərəkətə keçməkdir”.
Psixoloq qeyd edib ki, bu mümkün olmadıqda, məsələ artıq sadəcə motivasiya deyil, psixoloji müdaxilə tələb edən vəziyyətə çevrilə bilər.


Tarix: 31 avqust 2026
Baxış: 29

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş