Xəbər lenti
Reklam
"Uzunömürlülüyə problem kimi yanaşmaq düzgün deyil"

Tibbin inkişafı insan ömrünü uzatdıqca, qocalma prosesinin keyfiyyəti və bu dövrün sosial-iqtisadi nəticələri daha çox müzakirə mövzusuna çevrilir. Uzunömürlülük bir tərəfdən səhiyyə sisteminin uğuru kimi qiymətləndirilsə də, digər tərəfdən onun cəmiyyət üçün əlavə yük yaradıb-yaratmadığı sualı yaranır.

Mövzu ilə bağlı tibbi ekspert Rasif Bağırov Demokrat.az-a bildirib ki, insan ömrünün uzun olmasının cəmiyyət üçün iqtisadi və sosial yükə çevrilməsi anlayışı bir qədər uyğun hesab edilmir:

"Çünki səhiyyənin və tibbin əsas məqsədi insan ömrünü uzatmaqdır, yəni insanın mümkün qədər uzun yaşamasını təmin etməkdir. Tibbin əsas funksiyası xəstəliklərin müalicəsidir və bu proses də insan ömrünün maksimal dərəcədə uzanmasına xidmət edir. Buna görə də uzunömürlülüyə problem kimi yanaşmaq düzgün deyil.

Uzunömürlülük insanın təbii haqqıdır. İnsan dünyaya gəlir ki, mümkün olduğu qədər uzun yaşasın. Əslində bu gün bir çox insan ona nəzərdə tutulan ömrün tam hissəsini yaşaya bilmir, çünki sivilizasiya və müxtəlif sosial problemlər ömrün qısalmasına təsir göstərir. Bu baxımdan sağlam həyat tərzi mühüm əhəmiyyət daşıyır. İnsanlar bu prinsiplərə əməl edərsə, ömür uzunluğu və keyfiyyəti artar. Lakin bu gün cəmiyyətin böyük hissəsi sağlam həyat tərzi prinsiplərindən uzaqdır. Bunun əsas səbəblərindən biri tibbi maarifləndirmənin aşağı səviyyədə olmasıdır. Tibbi maarifləndirmə kütləvi informasiya vasitələrində ön sıralarda olmalı, insanlar sağlam həyat tərzi ilə daha çox tanış edilməlidir ki, həm sağlam yaşasınlar, həm də ömürləri uzansın".

Ekspert deyib ki, qocalığın keyfiyyətinə gəldikdə isə, bəzən sağlam və rahat qocalıq, bəzən isə xəstəliklər içində keçən çətin bir qocalıq müşahidə olunur:

"Xəstəliklərlə müşayiət olunan qocalıq adətən sağlam həyat tərzi prinsiplərinə əməl etməyən insanlarda daha çox rast gəlinir. Sağlam həyat tərzinə riayət edən insanlarda isə qocalıq daha keyfiyyətli keçir.
Bu prinsiplərə əməl etmək isə insanlar üçün asan deyil. Çoxları ömür boyu sərbəst yaşamağa, həyatın bütün imkanlarından məhdudiyyətsiz istifadə etməyə üstünlük verir. Lakin sağlamlıq baxımından müəyyən qaydalara riayət etmək zəruridir. İnsanların bir qismi bu qaydalardan yayınır və bu da gələcəkdə problemlərə gətirib çıxarır.

Ona görə də qocalıq məsələsinə iqtisadi və sosial problem kimi yanaşmaq düzgün deyil. Cəmiyyətin əsas vəzifəsi insanlara həyatlarının sonuna qədər dəstək göstərməkdir. Əhalinin böyük hissəsi öz gələcək sosial təminatını əmək fəaliyyəti dövründə formalaşdırır, pensiya sistemi vasitəsilə özünü təmin edir. Digər qrup isə dövlətin sosial dəstəyi ilə təmin olunur və bu da əsasən sığorta və digər mexanizmlər hesabına həyata keçirilir.

Ümumilikdə tibbin əsas məqsədi insanların ömrünü uzatmaq və onlara keyfiyyətli qocalıq təmin etməkdir", - deyə ekspert qeyd edib.

Beləliklə, uzunömürlülük cəmiyyət üçün iqtisadi təhlükə və ya ağırlıq deyil, əksinə tibbin tərəqqisinin və humanist sosial siyasətin ən mühüm göstəricisidir. Dövlətin və medianın birgə səyləri ilə insanların gənc yaşlarından sağlam həyat tərzinə yönləndirilməsi gələcəkdə həm fərdlərin həyat keyfiyyətini yüksəldəcək, həm də sosial müdafiə sistemlərinin daha səmərəli fəaliyyət göstərməsinə münbit şərait yaradacaq.

Əfsanə Kamal
Tarix: 23 iyun 2026
Baxış: 20

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş