Sürətli həyat tərzi, xüsusilə böyük şəhərlərdə yaşayanları çöldə hazır yemək yeməyə yönəldir. Ancaq mütəxəssislərin fikrincə, bu rahat vərdiş ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə çöldə satılan qızardılmış toyuqların orqanizmin balansını pozaraq ürək, mədə və böyrək problemlərinə səbəb olması təhlükəsi var.
Pəhriz mütəxəssisləri bu fikirdədirlər.
Onlar bildirirlər ki, fast-food tipli qidalar və yüksək istilikdə qızardılmış məhsulların tez-tez yeyilməsi orqanizmdə toksinlərin yığılmasına səbəb olur. Bu toksinlər zamanla orqanların fəaliyyətinə mənfi təsir göstərərək həm həzm, həm də immun sistemini zəiflədir.
Fast-food zəncirlərində və ya küçə satıcılarında ən çox seçilən yeməklərdən biri olan qızardılmış toyuq dadlı olsa da, ciddi sağlamlıq təhlükələri yaradır. Mütəxəssislərin sözlərinə görə, toyuq yüksək istilikdə qızardıldıqda “akrilamid” və “heterosiklik amin” adlı zərərli maddələr əmələ gəlir. Bu maddələr uzunmüddətli istehlak zamanı mədə, bağırsaq və mədəaltı vəzi xərçəngi riskini artıra bilər.
Ləzzətini artırmaq üçün istifadə edilən sous və marinadlarda duz, şəkər və qatqı maddələrinin miqdarı da çox olur. Həddindən artıq duz qəbulu yüksək təzyiq və böyrək xəstəliklərinə zəmin yaradır, qatqı maddələri isə allergik reaksiyalar və ya həzm pozğunluqları törədə bilər.
Qidalanma mütəxəssisləri çöldən alınan qızartmalar əvəzinə, evdə nəzarət olunan şəraitdə hazırlanan yeməklərin yeyilməsini məsləhət görür. Toyuğun sobada və ya qaynadılaraq bişirilməsi həm qida dəyərini qoruyur, həm də zərərli maddələrin yaranmasının qarşısını alır.
Mütəxəssislər həmçinin bildirirlər ki, toyuğu təzə tərəvəz və ya qatıq kimi qidalarla birlikdə yemək həzmi asanlaşdırır.
Çöldə hazırlanan hamburger və hazır kotletlər adətən çoxlu yağ, duz və qoruyucu maddə ehtiva edir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu məhsulların tez-tez yeyilməsi kökəlmə, yüksək xolesterin və həzm problemlərinə səbəb ola bilər. Hazır kotletlərdə istifadə olunan keyfiyyətsiz yağlar da ürək-damar sağlamlığına mənfi təsir göstərir.
Dərin yağda qızardılan kartof həm yüksək kalorilidir, həm də zərərli maddələrlə doludur. Ekspertlərin fikrincə, eyni yağda dəfələrlə qızartma aparmaq trans yağ səviyyəsini artıraraq damar tıxanıklığı riskini yüksəldir.
Sağlam qidalanma vərdişlərini qorumaq istəyənlər üçün ən təhlükəsiz yol yeməkləri evdə gigiyenik şəraitdə hazırlamaq və qızartma əvəzinə sobada və ya buxarda bişirmə üsullarına üstünlük verməkdir. \\Yeni Sabah