İngiltərədə və artıq 38 ölkədə COVID-19-un yeni "Stratus" ştammı sürətlə yayılmağa başlayıb. Bəs Azərbaycan üçün bu virusun hansısa təhlükələri var?
Tibb eksperti Adil Qeybulla Metbuat.az-a açıqlamasında bildirib ki, COVID-19 pandemiyası bitsə də, epidemiyalar hələ də müxtəlif yerlərdə davam edir. Çünki virus tamamilə yox olmayıb:
“Onun omikron ştamının fərqli mutasiya variantları mütəmadi olaraq ayrı-ayrı regionlarda xəstəlik törədir və bu da təbii olaraq narahatlıq doğurur. Çünki biz bilmirik ki, hər yeni yayılan virus hansı davranış göstərəcək. Bu baxımdan koronavirus pandemiyasının dərsləri göz önündədir və düşünürəm ki, bu məsələdə diqqətli olmalıyıq. Dünya ölkələrinin qəbul etdiyi qərarlara, xüsusilə də Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etməliyik”.
A.Qeybulla xəstə şəxslərə tövsiyə edib ki, evdə qalsınlar və başqalarını yoluxdurmasınlar:
“Bu, həm məsuliyyət, həm də mədəniyyət məsələsidir. İnsanlar özlərini qorumaq üçün də ehtiyat tədbirlərindən çəkinməməlidirlər, məsələn, qapalı yerlərdə maska taxmaq və digər qoruyucu vərdişlərdən istifadə etmək lazımdır. Ümumilikdə, COVID-19 pandemiyasından çıxardığımız dərslərə istinad etsək, gələcəkdə müəyyən təhlükələrin qarşısını almaq mümkün olar”.
Sevinc İbrahimzadə