Diqqət dağınıqlığı uşaqlarda necə yaranır? - Psixoloq valideynlərə xəbərdarlıq ETDİ
"Uşaqlarda diqqət dağınıqlığı bu gün valideynlərin ən çox rastlaşdığı problemlərdən biridir. Tez yorulma, başladığı işi sona çatdırmamaq, dərslərdə çətinlik çəkmək və ya diqqəti tez yayınmaq uşağın həm təhsilinə, həm də gündəlik fəaliyyətlərinə mənfi təsir göstərə bilər. Bu vəziyyət uşağın tənbəl və ya istəksiz olmasından çox, psixoloji və inkişafla bağlı faktorlarla əlaqədardır".
Gender.Az bildirir ki, bu fikirləri Redaktor.Az-a açıqlamasında psixoloq Pərvanə Musayeva uşaqlarda diqqət dağınıqlığından danışarkən bildirdi.
"Diqqət dağınıqlığının əsas səbəbləri müxtəlif ola bilər. Stress və emosional gərginlik uşağın fokuslanma qabiliyyətini zəiflədir. Ailədaxili münaqişələr, məktəbdə qarşılaşılan çətinliklər və ya travmatik təcrübələr zamanı beyin təhlükəni izləməyə yönəldiyi üçün öyrənmə və oyun prosesində diqqət azalır. Bununla yanaşı, motivasiya çatışmazlığı da diqqət dağınıqlığına səbəb olur. Maraqsız və uşağın dünyagörüşünə uyğun olmayan tapşırıqlar tez yorucu gəlir və diqqətin yayılmasına gətirib çıxarır. Müasir dövrdə ən çox rast gəlinən problemlərdən biri də informasiya yüklənməsidir. Planşet, telefon və televizordan həddindən artıq istifadə beynin davamlı olaraq informasiya qəbul etməsinə, nəticədə öyrənmə zamanı fokuslanma çətinliyinə yol açır. Yuxu rejiminin pozulması da diqqət mexanizmini zəiflədir, çünki beynin bərpası üçün keyfiyyətli istirahət vacibdir. Bəzi uşaqlarda isə diqqət dağınıqlığı neyroinkişaf xüsusiyyətləri, hiperaktivlik və digər inkişaf çətinlikləri ilə əlaqəli olur ki, bu halda mütəxəssis dəstəyi qaçılmazdır".
Psixoloq əlavə etdi ki, diqqət dağınıqlığı probleminin aradan qaldırılması üçün valideynlərin tətbiq edə biləcəyi müxtəlif üsullar mövcuddur:
"Ən önəmlisi uşağın dərs oxuduğu və ya oynadığı mühitin sakit və nizamlı olmasıdır. Bu, diqqətin yayılmasının qarşısını alır. Tapşırıqların kiçik hissələrə bölünməsi uşağın həm yorulmadan öyrənməsinə, həm də uğur hissini yaşamasına kömək edir. Diqqəti gücləndirmək üçün pazl, yaddaş kartları, müşahidə oyunları kimi məşqlərin gündəlik həyata daxil edilməsi də faydalıdır. Bununla yanaşı, müntəzəm yuxu rejimi və açıq havada hərəkətli oyunlar beynin diqqət mexanizmini gücləndirir. Uşağın maraq dairəsinə uyğun nümunələrlə öyrədilməsi, məsələn, riyaziyyatı sevimli oyuncaqlar üzərindən izah etmək, öyrənmə prosesini həm daha maraqlı, həm də daha effektiv edir".
Müsahibimizin sözlərinə, diqqət dağınıqlığı davamlı hal alır və uşağın həyat keyfiyyətini ciddi şəkildə azaldırsa, uşaq psixoloqundan və ya digər mütəxəssisdən kömək almaq vacibdir.
"Nəticə etibarilə, uşaqlarda diqqət dağınıqlığı onların tənbəlliyi və ya öyrənmək istəməməsi ilə bağlı deyil. Bu, psixoloji, emosional və inkişafla bağlı müxtəlif səbəblərin nəticəsi ola bilər. Valideynlər problemi düzgün anladıqda və uyğun yanaşma seçdikdə uşağın diqqətini artırmaq mümkündür. Kiçik, lakin davamlı addımlar nizamlı yuxu, diqqət oyunları və maraqlı öyrənmə üsulları uşağın həyatında böyük dəyişikliklər yarada bilər", - deyə Pərvanə Musayeva yekunlaşdırdı.
Xədicə BAXIŞLI