Ötən gün Azərbaycanda “Malyutka – 2” əmtəə nişanlı uşaq qidasının içərisindən yad cisimin aşkarlanması ilə bağlı məlumat yayılmışdı. Məlumat cəmiyyətdə ciddi rezonans doğurdu, hadisə ilə bağlı müxtəlif versiyalar səsləndirildi ki, onlardan da biri rəqibləri tərəfindən idxalçı şirkətin biznesinə xələl gətirmə cəhdi ilə bağlı oldu.
Bunu nəzərə alaraq “Report”un çəkiliş qrupu sözügedən uşaq qidası ilə bağlı öz araşdırmasını aparıb.
Saytın əməkdaşı Bakı şəhərində yerləşən bir neçə aptekə baş çəkən zaman əksər yerlərdə həmin uşaq qidasının satışının dayandırıldığının şahidi olub. Apteklərdən birindən alınan “Malyutka – 2” əmtəə nişanlı uşaq qidasının içərisindən isə heç bir yad cisim aşkarlanmayıb. Qutunun arxasında qidanın distributoru kimi “Veysəloğlu” MMC deyil, “İDC-2000” MMC olduğu göstərili. (yad cisim çıxan qutunun arxasında isə distributorun “Veysəloğlu” MMC olduğu yazılıb).
Daha sonra çəkiliş qrupu “İDC-2000” MMC şirkətinə yollanıb.
Şirkətin anbardarı Rafiq İbrahimov “Report”a bildirib ki, yad cisim aşkarlanan “Malyutka – 2” əmtəə nişanlı uşaq qidası ölkəyə “IDC 2000” MMC tərəfindən gətirilməyib. Şirkət rəsmisinin sözlərinə görə, həmin uşaq qidasının idxalı Azərbaycanda fəaliyyət göstərən digər şirkət tərəfindən həyata keçirilib: “Məhsullar Polşadan Azərbaycana gətirilən zaman AQTA tərəfindən nümunələr götürülərək ekspertizaya aparılır və müayinələrin nəticəsinə uyğun olaraq, məhsulun keyfiyyəti məlum olur. Bu günə qədər bizim idxal etdiyimiz məhsullar arasında xoşagəlməz hal yaşanmayıb. Anbarda gigiyena qaydalarına və malların saxlanma şəraitinə riayət olunur. Anbarın içərisində temperatur 14-15 dərəcə selsidə olur”
“Report”un çəkiliş qrupu “IDC 2000” MMC şirkətinin anbarında “Malyutka – 2” uşaq qidaları ilə də tanış olub, təsadüfi seçilmiş bir neçə qutunu açıb. Qutulardan normal uşaq qidaları çıxıb.
Qeyd edək ki, dünən məlum olub ki, yad cisim çıxan “Malyutka-2” əmtəə nişanlı uşaq qidasının distributoru “Veysəloğlu” şirkəti olub. “Veysəloğlu” şirkəti də açıqlama yayaraq ötən ildən “Nutricia” şirkətinin məhsullarının idxalını tam dayandırdığını bildirib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu gün “Malyutka- 2” əmtəə nişanlı uşaq qidalarından götürülən nümunələrin ekspertiza nəticələrini açıqlayıb.
Aparılan araşdırmalar nəticəsində qablaşdırmanın tamlığının məqsədyönlü şəkildə pozulduğu, içərisinə yad cisimlərin doldurularaq kustar üsullarla yenidən qablaşdırıldığı aşkar olunub.
AQTA: “Malyutka – 2” əmtəə nişanlı uşaq qidaları ölkəyə “İDC 2000” MMC tərəfindən idxal edilir. Digər qida məhsulları kimi “Malyutka – 2” əmtəə nişanlı uşaq qidaları da risk əsaslı ekspertizaya cəlb olunur və təhlükəsizlik göstəriciləri yoxlanıldıqdan sonra idxalına icazə verilir. Adı çəkilən məhsul idxal olunarkən 11 nümunə üzrə ekspertizaya cəlb edilmiş və istehlak üçün hər hansı uyğunsuzluq aşkar olunmayıb”.