Uşaqları öldürən qorxunc xəstəliklə bağlı yeni məlumat – Valideynlərə çağırış edildi
Monqolustanda bütün uşaqlarda qızılcaya yoluxma halları təsdiqləndiyi üçün yeni tədris ili başlamazdan əvvəl peyvənd olunacaqlar. Bu xəbər Azərbaycan ictimaiyyətində, əsasən də valideynlər arasında müzakirələrə, narahatlığa səbəb olub.
Azərbaycanda uşaqlar üçün peyvənd vurdurmaq məcburiyyəti olacaqmı?
Globalinfo.az-a danışan professor, tibbi ekspert Adil Qeybulla deyib ki, dünyada qızılcanın ayrı-ayrı epidemik ocaqlar şəkilində yayılması onun yeni formada peyda olmasını göstərir.
A.Qeybullanın sözlərinə görə, hazırda yayılmış qızılca mutasiya olunmuş formadadır:
“Qeyd edim ki, bir müddət öncə Azərbaycanda qızılcaya kütləvi yoluxma baş verdi. Xeyli adam vaksinasiya olundu, bir çoxları bu xəstəliyə yoluxduğu üçün immunitet yarandı, digərləri isə ağırlaşma nəticəsində dünyasını dəyişdilər. Bu da valideynlərin milli təqvimə əməl etməməsindən irəli gəlir. Yəni valideynlər vaxtında peyvənd etdirmirlər, uşaqlarını vaksindən yayındırırlar və s. Nəticə də belə olur”.
Adil Qeybulla
Professorun fikrincə, vaksinasiya üçün mərkəz yaradılmalıdır:
“Milli peyvənd təqvimi icbari olmalı, onun üçün xüsusi mərkəz yaradılmalı və buna ciddi nəzarət həyata keçirilməlidir. Bu addımlar atılmalıdır ki, sonra belə problemlərlə üz-üzə qalmayaq. Yəqin Monqolustanda da situasiya çətin olub deyə, insanlar məcburi peyvənd etdirməli olurlar”.