Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Telefona baxaraq yeməyin ZƏRƏRLƏRİ

Bəzi insanlarda telefona olan aludəçilik o həddə çatıb ki, onlar yemək yeyərkən də nəsə izləmək ehtiyacı hiss edirlər. Sevimli videolarını telefonda açandan sonra yeməyə başlamaq bəzilər üçün ən sevimli məşğuliyyətə çevrilib desək, yanılmarıq. 
Bəs telefona baxaraq yemək orqanizmə necə təsir edir?
Mənfi təsirləri
Qida eksperti Asim Vəliyev Bizim.Media-ya açıqlamasında bu barədə danışıb. O bildirib ki, sözügedən vərdişin mənfi təsirləri həm uşaqlar, həm də böyüklər üçün keçərlidir: 
“Diqqət dağıldıqda qida maddələrini lazımi qədər çeynəmirik, bu da qida hissəciklərinin daha böyük ölçüdə mədəyə çatmasına səbəb olur. Bu vəziyyət həzm prosesini çətinləşdirir və mədə problemlərinə yol açır. Yemək zamanı diqqətin yayındırılması daha çox hava udmağımıza səbəb olur ki, bu da şişkinlik və qaz problemlərinə yol açır”.
Artıq çəkiyə yol aça bilər
Asim Vəliyevin sözlərinə görə, telefona baxaraq yemək artıq çəkiyə səbəb ola bilər:
“Telefona baxaraq yemək yedikdə, beynimiz doyma siqnallarını daha gec alır. Bu səbəbdən insanlar daha çox yemək yeyir və bu, artıq çəki və piylənmə riskini artırır. Diqqət yayındığı zaman daha çox hazır qidalar və tez hazırlanan yeməklərə üstünlük veririk. Bu qidalar isə az qidalı və yüksək kalorili olur”.
Uşaqlara təsiri
Ekspert deyir ki, valideynlərin çoxu uşağa rahat yemək yedirmək üçün telefona baxmağa məcbur edir: 
“Uşaqlara yemək yedirərkən telefon istifadəsi onların diqqətinin qidada deyil, ekranda olmasına səbəb olur. Bu, uşaqlarda düzgün yemək vərdişlərinin inkişafını əngəlləyir. Yemək zamanı ekran istifadəsi ailə üzvləri arasındakı ünsiyyəti azaldır. Bu da ailə bağlarının zəifləməsinə və uşaqların sosial bacarıqlarının inkişafında problemlərə səbəb ola bilər”.

Tarix: 03 avqust 2024
Baxış: 60

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş