Çəkisi az olan insanlar üçün tibbdə bir ilk.. - Yeni müalicə üsulu tapıldı
Psixodelik bir maddə olan psilosibindən qidalanma pozuntusu olan anoreksiya nervoza müalicəsində istifadə edilə bilər.
Tədqiqatçılar siçovullarla aparılan təcrübələrdə ümidverici nəticələr əldə ediblər.
Aneroksiya psixiatrik xəstəliklər arasında ən yüksək ölüm nisbətləri göstərən problemdir. Xəstəlik zamanı xəstə normal çəkidə olsa belə, özünü kök hiss etdiyi üçün çox az yeyir, çox hərəkət edir, nəticədə həddindən artıq kilo itkisi baş verir.
Əvvəlki bəzi tədqiqatlar psilosibinin bu pozğunluğun müalicəsində istifadə oluna biləcəyini göstərmişdi. Psixodelik maddələrin depressiya və anksiyete kimi psixi sağlamlıq problemlərinə də yaxşı təsir göstərdiyi aşkarlanıb.
Lakin yeni araşdırma daha dəqiq nəticələr ortaya qoyub. Belə ki, “sehrli göbələk” kimi də tanınan “Psilocybe” göbələklərindən əldə edilən psilosisin maddəsinin anoreksiyanın əsas xüsusiyyətlərindən biri sayılan çevik düşünə bilməmək baxımından müsbət nəticələri olduğu qeyd edilib.
“Molecular Psychiatry” elmi jurnalında dərc olunan araşdırmada bu məqsədlə istifadə edildikdə psixodelik maddənin beyinə necə təsir etdiyi öyrənilib. Tədqiqatçılar dişi siçovullara məhdud miqdarda qida veriblər, eyni zamanda onlara "məşq edə bilmələri" üçün imkan yaradıblar.
Siçovulların bəzilərinə psilosibin verilib, nəzarət qrupuna isə verilməyib. Az miqdarda psilosibin verilən siçovulların arıqlamağa daha yaxşı müqavimət göstərdiyi müəyyən edilib.
Alimlər qeyd ediblər ki, qidaya çıxışları məhdud olsa da, bu maddəni qəbul edən siçovullar sağlam çəkini qoruyub saxlaya biliblər. Sonrakı testlər isə göstərib ki, bu heyvanların koqnitiv çevikliyi yaxşılaşıb. Bundan əlavə, psilosibinin beyindəki bir mexanizmə təsir etdiyi və "anoreksik düşüncə tərzini" dəyişə biləcəyi təsbit edilib. Tədqiqatçılar bunun məqsədyönlü müalicələrə yol aça biləcəyini düşünürlər.
Digər tərəfdən, tədqiqatda bütün siçovullarda eyni təsirlər müşahidə edilməyib. Buna görə də, maddənin insanlarda eyni təsirə malik olub-olmayacağını müəyyən etmək üçün daha çox araşdırmaya ehtiyac var.
Hazırda anoreksiyanın müalicəsində əsasən antidepresantlara üstünlük verilir. Amma araşdırmanın aparıcı tədqiqatçısı Dr. Kler Foldi deyir ki, bu dərmanlar anoreksiyadan əziyyət çəkən, çəkisi az olan insanlarda klinik simptomları yaxşılaşdırmır:
“Koqnitiv qeyri-çeviklik bu pozğunluğun əsas əlamətidir və adətən anoreksiya nervozanın digər əlamətlərindən əvvəl üzə çıxır. Hətta çəki bərpa edildikdən sonra da bu hal davam edir. Buna görə də, terapevtik müdaxilə üçün əsas hədəf bu simptomdur”. \\Medicina.az