Braziliyada danq qızdırması ilə səbəbilə həyatını itirənlərin sayı 100-ü keçib.
Danq qızdırması diaqnozu qoyulan insan sayının isə yüz minlərə yüksəldiyi bildirilir.
Braziliyanın Səhiyyə Nazirliyi ölkədə danq qızdırmasından əziyyət çəkdiyi düşünülən insan sayının 650 mini keçdiyini açıqlayıb.
San-Paulodakı xəstəxanada danq qızdırması ilə bağlı diaqnostika mərkəzi yaradılıb. Məlumata görə, hər gün təkcə bu mərkəzə müraciət edən 100-dən çox insanda danq virusu aşkarlanır.
Danq qızdırması qripə bənzər ağır simptomlara səbəb olan və dünyanın tropik və subtropik bölgələrində endemik olan viral xəstəlikdir. İnsanlara ağcaqanadlar vasitəsilə ötürülən virus inkubasiya dövründən sonra qızdırma və kəskin sümük ağrılarına səbəb olur, bəzi hallarda isə ölümlə nəticələnə bilir. Kəskin ağrılara səbəb olduğu üçün "sınıq sümük qızdırması" kimi də tanınır. Danq virusunun 4 növü məlumdur, bir növünə yoluxub xəstə olanlar digər növünə yenidən yoluxa bilirlər.
Danq qızdırması xəstəliyi ağır keçirənlərdə bir neçə saat ərzində həyat üçün təhlükə yarada bilir.
Qeyd edək ki, ötən il Braziliyada danq virusuna 2 milyon 350 mindən çox yoluxma halı qeydə alınıb. \\Medica.Az