Məşhur kosmetoloq Təhminə Manafi ilə Səhiyyə Nazirliyi arasında məhkəmə çəkişməsi başlayıb.
Gender.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi kosmetoloq barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 210.1-ci maddəsi ilə protokol tərtib edib.
Sözügedən maddədə deyilir ki, lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.
T.Manafi isə qərardan narazı olduğu üçün Analitik Ekspertiza Mərkəzi barəsində məhkəməyə müraciət edib. Kosmetoloqun şikayətinə Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, hazırda özəl tibb fəaliyyəti üçün lisenziya İqtisadiyyat Nazirliyi tərəfindən verilir. İqtisadiyyat Nazirliyi özəl tibb fəaliyyəti subyektlərinin ərizələrinə baxarkən qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəy alınması üçün Səhiyyə Nazirliyinə müraciət edir. Həmin müəssisələrin qiymətləndirilməsi və rəy verilməsi işi Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən İqtisadiyyat Nazirliyinin müvafiq nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Tərtib edilmiş rəy Səhiyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyinə təqdim edilir. Lisenziya almış özəl tibb fəaliyyəti subyektlərinin göstərdikləri tibbi xidmətlərin keyfiyyətinə nəzarət Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Özəl tibb fəaliyyəti subyektlərinə münasibətdə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən İnzibati xətalar məcəlləsinin hansı maddələri üzrə protokol tərtib edilə bilər.