Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, otorinolarinqoloq Vəfa Pənahian qulaq infeksiyaları və tənəffüs problemləri ilə bağlı insanları maraqlandıran bir sıra sualları cavablandırıb.
Sözügedən müsahibəni təqdim edirik:
- Vəfa müəllim, ilk öncə bilmək istərdik ki, qulaq infeksiyasının yaranma səbəbi və əlamətlərinə nələr daxildir?
- Qulaq xarici, orta və daxili olmaqla 3 hissədən ibarətdir. Qulağın anatomik quruluşuna görə, infeksiyaların yaranma səbəbləri və yayılma yolları müxtəlifdir. Belə ki, qulaqda infeksiya 5 yolla yayıla bilər:
• Xarici qulaq keçəcəyindən (transmeatal yol). Xarici və orta qulaq arasında yerləşən təbil pərdəsi sərhəd rolunu oynayır. Təbil pərdəsinin tamlığı pozulan zaman pərdədə perforasiya olduğu üçün, infeksiya xarici qulaqdan orta qulağa yayıla bilər.
• Burun-udlaqdan eşitmə borusu vasitəsi ilə (rino-tubar yol). Orta qulaq Yevstax borusu adlanan eşitmə borusu vasitəsi ilə burun-udlaqla birləşir. Əksər hallarda infeksiya qulağa burundan yayılır. Burun mənşəli səbəblərə uşaqlarda adenoid, burunətrafı ciblərin iltihabı xəstəlikləri (kəskin və xroniki sinusitlər), burun polipləri, burun çəpərinin əyriliyi, rinitlər, xroniki tonzillit və bir sıra digər xəstəliklər aiddir.
• Qanda olan infeksiya vasitəsi ilə (hematogen yol);
• Limfada dövr edən infeksiya vasitəsi ilə (limfogen yol);
• Travmatik yolla. Qulağın açıq və qapalı zədələnməsi və kəllə-beyin travmaları zamanı infeksiya qulağa yayıla bilər.
- Doktor, burun tənəffüsünün çətinləşməsinin hansı fəsadları ola bilər?
- Anatomik olaraq burun 3 hissədən ibarətdir: xarici burun, burun boşluğu və burunun əlavə cibləri (burunətrafı ciblər və ya sinuslar). Burun və burunun əlavə cibləri yuxarı tənəffüs yollarının başlanğıcında yerləşir. Filogenetik olaraq burunun 3 funksiyası var: tənəffüs, qoxu və qoruyucu. Hava axını burun boşluğuna daxil olaraq üç istiqamətə bölünür: yuxarı, orta və aşağı. Təzyiq ilə burun boşluğuna daxil olan hava anatomik xüsusiyyətlərə uyğun olaraq burun boşluğunda gecikir. Buruna daxil olan hava isidilərək nəmləndirilir. Beləliklə, tərkibi tənzimlənən hava burundan udlağa, daha sonra isə qırtlağa, traxeya, bronxlara və ağciyərlərə istiqamətlənir. Burun tənəffüsünün çətinləşməsi bir sıra fəsadlara səbəb ola bilər:
• burunətrafı ciblərin iltihabı xəstəliklərinə (sinusiltlər);
• burun balıqqulaqlarının xəstəliklərinə (rinitlər);
• burun polipozuna;
• udlaq xəstəliklərinə (faringitlər);
• damaq badamcıqlarının xəstəliklərinə (tonzillit);
• qırtlaq, traxeya və bronxların xəstəliklərinə (larinqo-traxeo-bronxit);
• eşitmə borusunun xəstəliyinə (yevstaxiit, tubootit);
- Adenoid əməliyyatına nə vaxt qərar verilir?
- Əksəriyyəti yanlış olaraq adenoidin burun boşluğunda yerləşdiyini düşünür. Udlaq badamcığı (III badamcıq) və ya adenoid udlağın üst hissəsində, burun-udlaqda yerləşir. Adenoid hipertrofiyası (böyüməsi) 4 dərəcədə olur. Böyümə dərəcəsindən asılı olaraq yuxarı tənəffüs yollarında ağırlaşmalar çoxalır. İlk olaraq burun tənəffüsünün çətinləşməsi, sonra isə tam tutulması müşahidə olunur. Buna səbəb burun-udlağa açılan eşitmə borusu kanalının adenoid vegetasiyası ilə tutulmasıdır. Adenoidin böyüməsi bir çox hallarda kəskin orta otit adlanan qulağın iltihabı xəstəliklərinə səbəb ola bilər. Adenoid vegetasiyası burun tənəffüsünü pozaraq məktəbyaşlı uşaqlarda dişlərin, çənənin deformasiyasına və beləliklə dişləmin pozulmasına səbəb olur. İltihabı proses inkişaf etdikcə daxili orqanlarda xroniki bronxit kimi fəsadlar yarada bilər. Böyüklərdə isə sinusit adlanan burunətrafı ciblərin iltihabı xəstəlikləri müşahidə olunur. Keçən əsrdə adenoid uşaqlara xas olan xəstəlik hesab edilirdi. Son zamanlar adenoid 30 və hətta 40 yaşdan yuxarı olan şəxslərdə də müşahidə olunur.
1-ci dərəcəli adenoid vegetasiyası burun tənəffüsünün çətinləşməsinə və digər üzvlərə cüzi təsir göstərir. Adenoid böyüməsinin 2-ci dərəcəsi burun tənəffüsünün çətinləşməsinə səbəb olur və gecə vaxtlarında daha çox özünü birüzə verir. 3-cü dərəcəli hipertrofiya burun tənəffüsün cətinləşməsinə və digər ciddi fəsadlara səbəb ola bilər. 4-cü dərəcədə isə burun tənəffüsün tam tutulması izlənilir və ətraf üzvlərdə yanaşı xəstəliklər müşahidə edilir.
Beləliklə, adenoid vegetasiyasının 1-ci və 2-ci dərəcələri konservativ müalicəyə tabedir. 3-cü və 4-cü dərəcələr isə konservativ müalicəyə tabe olmur və yalnız cərrahi üsul ilə müalicə oluna bilər. Adenoid vegetasiyasının cərrahi üsul ilə müalicəsi adenotomiya əməliyyatı adlanır.
- Tez-tez burun qanaxmasının səbəbi nədir?
- Burun çəpərinin ön hissəsində, girəcəkdən təqribən 1 sm arxada Kisselbax adlı kələf yerləşir. Bu kələfdə 5 damarın bir-biri ilə birləşməsi qeyd edilir: ön xəlbir, arxa xəlbir, damaq-pazabənzər, böyük damaq və üst dodaq arteriyaları. Sadalanan damarlar nazik olur, səthi olaraq selikli qişanın altında yerləşir və 90% hallarda qanaxmalar məhz burada müşahidə edilir.
Tez-tez rast gəlinən burun qanaxmalarının bir neçə səbəbi var:
• hipertoniya xəstəliyi;
• bir sıra qan xəstəlikləri;
• şəkərli diabet;
• xroniki böyrək çatışmazlığı;
• hamiləlik;
• müxtəlif burun travmaları;
• kapilyarların angiopatiyası;
- Qulaq cingildəməyi nədən yarana bilər?
- Qulaq – insanın eşitmə və müvazinət orqanıdır. Bütün informasiyaları bu orqandan beyinə VIII cüt sinir ötürür. Səsi nəql edən və ya qəbul edən aparatın pozulmasından asılı olaraq eşitmə zəifliyi iki tipdə olur. Konduktiv tip - səskeçirmə, sensonevral isə səs qəbul edən aparatın patologiyasıdır.
Daxili qulaqdan başlayaraq beyin qabığının nüvələrində bitən eşitmə aparatı səs keçirmə aparatı mürəkkəb anatomik quruluşa malikdir. Belə ki, səs dalğaları səsi keçirmə aparatını hərəkətə gətirib keçərək daxili qulağa çatır və səsi qəbul etmə funksiyası prosesə qoşulur.
Bu mürəkkəb prosesin pozulması nəticəsində ağıreşitmə ilə bərabər qulaqlarda səs və küy əmələ gəlir. Bunlar müxtəlif cingiltilər formasında olur və bir sıra xəstəliklər zamanı müşahidə olur. Bu cingiltilər eyni zamanda səskeçirmə və səs qəbul etmə aparatların xəstəlikləri zamanı rast gəlinir:
• sensonevral ağıreşitmə və karlıq;
• Menyer xəstəliyi;
• otoskleroz;
• adgeziv otit və timpanoskleroz;
• eksudativ otit;
• kəskin orta otit;
• qulaq tıxacı.
Qeyd etmək vacibdir ki, əlavə səslər qulaq xəstəliklərindən başqa digər patologiyalar zamanı da müşahidə olunur. Məsələn, hipertoniya xəstəliyində, boyun fəqərələrinin osteoxondrozu zamanı, beyinin xoş və bəd xassəli xəstəlikləri, kəllə-beyin travmalarından sonra. Sadalanan xəstəliklər zamanı cingiltiyə səbəb innervasiyann və qan təchizatının pozulmasıdır. \\Ölkə.Az