Karantin rejiminin oktyabrın 2-dən gələn il yanvarın 2-nə qədər uzadılması Azərbaycanda hələ də COVİD pandemiyasının tam olaraq yekunlaşmamasından xəbər verir. Xəstəliyin günü-gündən mutasiyaya uğrayaraq yeni tiplərinin yaranması bütün dünyanı narahat edən məqamlardandır. Virusun sonuncu mutasiya forması Erisin sürətlə yayılması da narahatlıqları artırır. Bəs, Azərbaycanda hazırda vəziyyət necədir? Virusun yeni tipinə Azərbaycanda rast gəlmək mümkündür? Növbəti vaksinə ehtiyac yarana bilər?
Mövzu ilə bağlı TƏBİB-dən Referans.Az-a verilən məlumatda qeyd olunur ki, hazırda ölkədə Koronavirusun yeni ştammına yoluxma halı qeydə alınmayıb.
Professor Adil Qeybulla suallarımızı cavablandırarkən qeyd edib ki, virusun yeni mutasiyası Azərbaycanda olsa da əvvəlki kimi güclü nəticələri gözlənilmir. Səbəb virusun yoluxuculuq qabiliyyətinin yüksək, ağırlaşma törətmək qabiliyyətinin isə xeyli aşağı olmasıdır.
“Pandemiya bitsə də, sonuncu omikron ştammının mutasiyaları davam edir. Bu mutasiyalar ayrı-ayrı yerlərdə müxtıəlif cür təzahür edir. Bizdə də yəqin ki, var. Bu gün koronavirusun spesifik klinikasını xatırladan əlamətlər və şikayətlərlə rastlaşırıq. Bu onu göstərir ki, ölkəmizdə də bu xəstəlik var. Olmaması da mümkün deyil, çünki biz qloballaşan dünyada yaşayırıq. Nə qədər ki, bu proses təmamilə sona çatmayıb, yoluxmalar hələ davam edəcək. Doğrudur, virusun yoluxuculuq qabiliyyəti yüksək olsa da, artıq onun ağırlaşma törətmək qabiliyyəti xeyli aşağıdır”.
Professor düşünür ki, vaksinə hər zaman ehtiyac var. Buna yalnız COVİD pandemiyası üçün nəzərdə tutulmuş vaksinlər deyil, eyni zamanda digər yüngül hesab etdiyimiz xəstəliklər əleyhinə olan vaksinlər də daxildir.
“Vaksinə ehtiyac həmişə var. Əslində, bununla bağlı Səhiyyə Nazirliyi və ya Operativ Qərargah insanlara müəyyən təlimatlar verməlidir. Hazırki dövrdə qrip vaksininə belə ehtiyac var. Xüsusilə də, payız aylarında qripin müxtəlif formalarının təzahür etməsi rast gəlinən nüansdır. Vaksinasiyadan qətiyyən çəkinmək lazım deyil. Həmçinin qeyd etmək istəyirəm ki, vaksinasiya ilə bağlı gedən bütün söz-söhbətlər şayiədən başqa heç nə deyil”.
Fidan Vəlisoy