"Faiz nisbətindən asılı olmayaraq, südlü, ağ və ya tünd şokoladların əriməsi heç bir zəhərlənməyə yol aça bilməz".
Gender.Az bildirir ki, bunu sherg.az-a qida mütəxəssisi Ağa Salamov istidən əriyən şokoladların təhlükəsindən danışarkən deyib. Onun sözlərinə görə, şokoladı hansısa formaya salmaq üçün buxar üsulundan istifadə olunur:
"Ümumiyyətlə, şokoladın əriməsi təhlükəli deyil. Amma vitrində saatlarla günəş şüalarının təsiri altında qalırsa, təhlükə saça bilər. Nəticədə qida zəhərlənməsinin baş verməsi mümkündür. Eyni zamanda şokoladın nəmişlikdə qaldığı və tərkibindəki yağ əridiyi halda üzə çıxan ağ ləkələr qorxuludur. Müsbət 20-dən yuxarı dərəcədə saxlanıldıqda şokolad artıq əriməyə başlayır. Saxlandığı yerdə də nisbi rütubət nəzərə alınmalıdır.
Çox vaxt ərimiş şokoladı yenidən dondururlar. Bu, düzgün deyil. Çünki şokolad dərin dondurucuda saxlanılacaq məhsul sayılmır. Mağazadan alarkən kağızın üzərində son istifadə tarixinə diqqət etmək lazımdır. Adətən, şokolad son yararlılıq müddəti bitməmiş xarab olur. Çünki saxlanma şərtlərinə riayət edilmir. İstehlakçılar məhsulun son istehsal tarixinə nəzər yetirib, alırlar. Amma tarixi keçməsə də, bəzən kiflənmiş olur. Nəticədə zəhələrlənmə baş verir. Yeyərkən üstündə ağ təbəqə, kif, rəngi və qoxusunda dəyişikliyə diqqət etməliyik. Kofe qoxusunu xatırlatmalıdır. Ətri gözəl olmalıdır".
Qeyd edək ki, hamımız marketlərdə istidən əriyən şokoladlara rast gəlirik. Alıcılar vitrində satılan formasını dəyişmiş şokaladları gördükdə almağa bir qədər tərəddüd edir, qərarsız qalırlar.