Dünyanın koronavirusun ikinci dalğasına hazırlaşdığı bir zamanda ABŞ hər kəsi şoka salacaq addım atıb.
Dünya üzrə ən çox yoluxma hallarının yaşandığı ölkə virusun müalicəsində geniş istifadə edilən dərmanın bütün ehtiyatlarını alıb. Söhbət koronavirusun müalicəsində istifadə edilən iki əsas dərmandan biri olan "Remdesivir"dən gedir.
"The Guardian"nın məlumatına görə, hazırda bu dərmanın dünyada tədarük edilə biləcəyi başqa ölkə qalmayıb. "Remdesivir" mərkəzi Kaliforniyada yerləşən "Gilead" şirkəti tərəfindən istehsal edilib. Bu zamana kimi koronavirusun müalicəsində ən çox effektiv olan preparat hesab edilir. Satın alınan 500 min doza dərman bütün dünyadakı ehtiyata bərabərdir.
Bu, həm də istehsalçı firmanın iyul ayı üçün 90 faiz, avqust və sentyabr ayında olan istehsalın hamısı deməkdir.
"Gilead"dan 500 min doza dərman alan ABŞ rəhbərliyi bu sayədə ölkədə artan yoluxmaların və ölümlərin qarşısını almaq istəyir.
Mütəxəssislər adıçəkilən dərmanın bütün ehtiyatının ABŞ-ın əlinə keçməsinin qarşıdakı aylarda Avropa və dünyanın digər ölkələri üçün çətinliklər yaradacağını düşünürlər.
Qeyd edək ki, "Remdesivir" əslində Ebolanın müalicəsində istifadə edilən dərmandır. Ancaq virusların yayılmasının qarşısını aldığı üçün koronavirusun da müalicəsində istifadə olunur. \\BakuPost