Fəhlə və müxbir işləyib... - Abşeronun yeni icra başçısı kimdir? – DOSYE
Xəbər verdiyimiz kimi, Abdin Ələsgər oğlu Fərzəliyev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Abdin Ələsgər oğlu Fərzəliyev Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bəs Abdin Fərzəliyev kimdir?
Abdin Fərzəliyev 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Həmzəli kəndində anadan olub. 1974-1984-cü illərdə orta məktəbdə təhsil alıb. 1985-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya fakültəsinə daxil olub, 1985-1987-ci illərdə Moskva vilayətində keçmiş Sovet Ordusunda hərbi xidmət keçib, 1992-ci ildə isə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirib. 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə İdarəetməsi fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1984-1985-ci illərdə H.Z.Tağıyev adına Bakı Tikiş Toxuculuq Kombinatında fəhlə kimi başlayıb. 1992-ci ilin oktyabr ayından 1993-cü ilin fevral ayına qədər "Naxçıvan" qəzetinin müxbiri vəzifəsində çalışıb. 1993-cü ilin fevral ayından noyabr ayına qədər "Əlincə" Xeyriyyə Cəmiyyətinin təşkilat şöbəsinin müdiri vəzifəsində, 1993-cü ilin noyabr ayından 1994-cü ilin avqust ayına qədər isə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında məsul işçi, təşkilat şöbəsinin baş təlimatçısı vəzifəsində işləyib. 1994-cü ilin sentyabr ayından 1998-ci ilin fevral ayına qədər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Ərazi İdarəetmə Orqanları ilə İş və Kadr hazırlığı İdarəsinin rəis müavini, rəisi vəzifələrində işləyib. 1998-ci ilin fevral ayından 2003-cü ilin aprel ayına qədər Bakı Şəhər Gənclər, İdman və Turizm Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.
2003-cü ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərancamı ilə Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 2005-ci ilin dekabr ayından isə Azərbaycan Respublikası Prezidentinin Sərancamı ilə Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. 19 yanvar 2022 tarixində Azərbaycan Respublikası Prezidentinin Sərancamları ilə Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsindən azad edilib, Abşeron Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib.
1993-cü ildən Yeni Azərbaycan Partiyasının və YAP Siyasi Şurasının üzvüdür. Həmçinin 2001-cü ildən Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvüdür.
Ailəlidir. 2 qızı var.
\\Day.Az