Redaktor seçimi
    Zəngəzur dəhlizi tezliklə açılacaq - PAŞİNYAN BUNA MƏCBURDUR
Xəbər lenti
Reklam
Deputatlar məmurları “topa tutdu”, biri isə adlar çəkəcəyini anons etdi - Parlamentdən REPORTAJ

Milli Məclisin növbədənkənar sessiyalarının keçirilməsini əslində yaz sessiyasının məntiqi davamı kimi qiymətləndirə bilərik. Növbədənkənar sessiya ali qanunverici orqanın təcili qəbuluna ehtiyac duyulan qanun layihələrinə çevik və operativ reaksiya verməsini özündə ehtiva edir.
Biz də qrafikimizə bir neçə gün öncədən növbədənkənar “müdaxilə edən” növbədənkənar sessiyasının ilk iclasına yollanırıq.
Parlamentin qarşısında yenə hansısa şikayətçilər o tərəfə, bu tərəfə var-gəl edir. Mühafizə xidmətinin (Xüsusi Dövlət Mühafizə Xidməti) əməkdaşları onları səbrlə dinləyir, qarşılarına çıxır və müvafiq deputatın ünvanına yönləndirməyə çalışırlar.
Ümumiyyətlə, parlamentin mühafizəsini həyata keçirən XDMX əməkdaşları danışmağı sevmir və hərbçi kimi konkret mənaları özündə ehtiva edən qısa cümlələrlə işlərini görürlər.
İçəri keçərkən də bizi yoxlayır və smartfon tipli telefonların təhvil verilməsini xahiş edirlər.
Bu telefon məsələsi də həllini tapmadı ki tapmadı, hərçənd gələcəkdə telefon qadağasının aradan götürüləcəyinə dair ümidlərimiz çoxdur.
Kəlbəcərdəki mina partlayışı parlamentdə müzakirə olunur
Milli Məclisin sədri Sahibə Qafarova növbədənkənar sessiyasının ilk iclasını açıq elan edir və dövlət himni səslənir.
Daha sonra Sahibə Qafarova Pakistana səfərinin əhəmiyyətindən danışır. Spiker parlament diplomatiyasını yeni bir məhələyə keçirib və müasir dövrün bütün tələb və çağırışlarına cavab verməsi üçün əlindən gələni əsirgəmir. Xoş haldır.
Ardınca Sahibə Qafarova Kəlbəcərdə minaya düşərək şəhid olan mülki vətəndaşlar, o cümlədən jurnalistlərdən danışır, Milli Məclis adından mərhumların ailələrinə başsağlığı verildiyini bildirir.
Cari məsələlərin müzakirəsi üçün vaxt ayrılır, deputatlar da Kəlbəcərdə minaya düşərək şəhid olan mülki vətəndaşlardan, o cümlədən jurnalistlərdən (Məhərrəm İbrahimov, Sirac Abışov, Arif Əliyev) danışırlar. Bunun paralelində Azərbaycanda bəzi müxalifət nümayəndələrinin hadisə üzərindən hakimiyyətə qarşı hücuma keçmələrini pisləyirlər və onların Ermənistan siyasi dairələrinin maraqlarının ifadəçisi olduğunu vurğulayırlar.
Bu barədə uzun-uzadı, onların siyasi leksikonundakı zəngin ittihamedici ifadələrindən sitatlar səsləndirməyəcəyəm.
Fəzail Ağamalı isə yenə Fransanı hədəfə alır və fikrinin məntiqi davamı kimi ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunun ləğvi tələbi ilə çıxış edir. Daha doğrusu, Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edir ki, bu məsələ qaldırılsın, axı Fəzail müəllimin nəyisə ləğv etmək missiyası və funksiyası yoxdur.
Gündəm məsələlərin müzakirəsində ifadə olunan mövqelərdə emosional çalarlar da görmək mümkündür, axı parlament həm də siyasi yanaşmaların ortaya qoyulduğu ən əlverişli platformadır! Yəni, deputatlar üçün.
Kitab oğurluğu oğurluq sayılmır?
Deputat Kamal Cəfərov isə “Əli və Nino” kitab evinin sahibi Nigar Köçərlini ittiham edir, motivi isə budur ki, kitab oğurlayan gənclər cinayətkar deyil və onlar yalnız inzibati xəta törədiblər. Yəni, dəyəri 100 manatdan çox olmayan əmlakı götürüblər, bu isə cinayət sayılmır, sadəcə xırda talamadır və inzibati məsuliyyət yaradır.
Düzü Kamal müəllimin hüquqi əsaslandırması yerinə düşür, onu da bildirir ki, Nigar Köçərli həmin gənclərin fotosunun yayılmasına görə inzibati xətaya imza atıb.
Kamal müəllim, düzdür, amma istənilən halda özünüz də bilirsiniz ki, edilən hərəkət qanun pozuntusudur.
“Kitab oğurluğu oğurluq hesab olunmur” düşüncəsindən uzağam, mənə görə istənilən bir qanun pozuntusu məsuliyyət yaradır. O başqa məsələ ki, törədilən əmələ münasibətdə görülən hüquqi tədbir adekvat deyil, məsələn siz dediyiniz kimi, o gənclərin fotosunun yayılması.
Deputatlar söz demədi
Nəysə, cari məsələlərdən sonra növbə gəlir gündəliyin birinci məsələsinə: Söhbət Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokolun təsqidlənməsindən gedir.
Təhsil komitəsinin sədri Bəxtiyar Əliyev çıxış etdikdən sonra deputatlardan sənədə fikir bildirmək istəyənlər olur. Lakin birinci vitse-spiker Əli Hüseynli təmkinlə deyir ki, bu, onsuz da müqavilədir, Milli Məclis müqavilənin mətnini dəyişdirə bilməz. Onun bu sözü deputatların ağlına batır və sənəd müzakirə edilmədən qəbul olunur.
Deputatların dərdi açıldı
Daha sonra 2020-ci ilin dövlət büdcəsinin icrasına dair qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılır.
Deputatların dərdi açılır, nə açılır. Razi Nurullayev yenə də məmur özbaşınalığından, korrupsiyadan danışır, Tahir Kərimli isə çıxış edərkən büdcə xərclərinin artırılmasının vacibliyini deyir, təhsilin keyfiyyətindən narazılıq edir.
Sahibə Qafarova Razi Nurullayeva irad bildirir, deyir ki, onun çıxışı cari məsələlərin reqlamentinə uyğun idi. 
Qənirə Paşayeva çıxış edir, onun danışığında emosional çalarlar qabarıq şəkildə özünü büruzə verir.  
Getdikcə emosiyaları qızışır, səs tonu yüksəlir, əsəblə danışdığı hiss olunur. Səbəbi isə odur ki, hansısa məmur Qənirə xanıma irad bildirib, deyib ki, bir məsələni 3-4 dəfə parlamentdə səsləndirmək lazım deyil.
Qəribə məntiqdir, Qənirə xanım, sizi başa düşürük, demək ki, hələ məmur süründürməçiliyi bitməyib. Sizin müraciətlərə cavab vermirlərsə, indi görün vətəndaşlara nə münasibət bəsləyirlər!
Qənirə xanım deyir ki, əgər məmurlar tonunu və üslubu dəyişdirməsələr, onların adlarını açıqlayacaq. Yəqin ki, indi həmin məmurlar kimdirsə, onların canına vəlvələ düşüb!
Maliyyə naziri Samir Şərifov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iclasda iştirak edir deyə, deputatlar onlara üz tutub şikayətlərini çatdırırlar.
Maliyyə naziri Samir Şərifov çıxış edərkən bəzi fikirləri emosional adlandırır və sonra niyə bəzi xərclərin həyata keçirilməməsini əsaslandırır, hökumətin perspektiv üçün məqsədlərinin bəzi cizgilərini sakit şəkildə, aramla çatdırır.
Sonda ötən ilin büdcə gəlirləri və xərclərinə “hə” deyilir.
Əlillik təyinatı dəyişdirilir
Əlilliyin yeni qaydalarla müəyyənləşməsinə dair qanunvericiliyə dəyişikliklər müzakirəyə çıxarılır.
Minlərlə insanın əlilliyinin ləğv edilməsinə dair qərarlar üzərindən mühakimələr yürüdülür, Əli Məsimli aidiyyəti qurumların məsuliyyətinə vurğu edir. 
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə bəzi şəxslərin əlilliyinin ləğv edilməsini haqsız sayır, yeni qanun layihələrini şərh edərkən bildirir ki, 8 meyar üzrə faizlər müəyyənləşəcək və bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək.
Hə, onu da deyək. Siyavuş Novruzov pensiya yaşından danışır, deyir ki, pensiya yaşına yenidən baxılmalıdır. Siyavuş müəllim, cəmiyyətdə sizə birmənalı fikir bəslənilmir, amma yəqin ki, pensiya yaşı barədə arqumentiniz xalq tərəfindən də dəstəklənər.
Sabir Rüstəmxanlı isə iclasda məmur bürokratiyasından şikayətlənir – həmişəki kimi. Deyir ki, nazirlər deputatların sorğularına cavab vermirlər və deputatları qəbul etmirlər.
Sabir müəllim, siz deputat kimi onların qəbuluna düşə bilmirsinizsə, bəs bu sadə vətəndaşlar nə etsin?.../Oxu.az

Tarix: 08 iyun 2021
Baxış: 36

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}

[an error occurred while processing the directive]