Redaktor seçimi
    Azərbaycanda yeni qurum yaradıldı - Prezidentin FƏRMANI
Xəbər lenti
Reklam
Azərbaycanda yeni qurum yaradıldı - Prezidentin FƏRMANI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət idarəçiliyində səmərəliliyin artırılması və strateji sahələrdə nəzarətin gücləndirilməsi məqsədilə genişmiqyaslı struktur islahatlarına start verib. Dövlət başçısının imzaladığı yeni fərmanla bir sıra qurumların fəaliyyəti yenidən təşkil edilib, bəzi sahələrdə isə tamamilə yeni idarəetmə modelləri tətbiq olunub.
Gender.az
xəbər verir ki, islahatların ən mühüm istiqamətlərindən biri ölkənin strateji ehtiyatlarının idarə olunmasıdır. Fərmana əsasən, “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsi yaradılıb. Bu qurum strateji əhəmiyyətli malların ehtiyatının formalaşdırılması, idarə olunması və daxili bazarda qiymət dəyişmələrinin qarşısının alınması üçün tənzimləyici funksiyaları həyata keçirəcək.
Dövlət idarəçiliyindəki digər bir dəyişiklik işğaldan azad edilmiş ərazilərdəki bərpa-tikinti prosesini əhatə edir. İndiyədək publik hüquqi şəxs statusunda fəaliyyət göstərən bərpa, tikinti və idarəetmə xidmətləri (Ağdam, Füzuli, Xocavənd, Laçın, Kəlbəcər, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə) məhdud məsuliyyətli cəmiyyətə (MMC) çevrilir. Bu addım işğaldan azad olunan bölgələrdəki infrastruktur layihələrinin icrasında idarəetmənin daha çevik və kommersiya prinsiplərinə uyğunlaşdırılmasını hədəfləyir.
Bundan əlavə, bir sıra sahəvi qurumların hüquqi statusunda dəyişikliklər edilib. Kino Agentliyi, Balıqçılıq və Akvakultura Mərkəzi, Azərbaycan Elm Fondu, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi kimi strateji qurumlar yenidən təşkil edilərək yeni statuslarla fəaliyyətlərini davam etdirəcəklər.
Prezidentin bu qərarları dövlət aparatının optimallaşdırılması, büdcə vəsaitlərinin təyinatı üzrə daha səmərəli xərclənməsi və idarəetmədə çevikliyin təmin olunması istiqamətində həyata keçirilən sistemli islahatların növbəti mərhələsi kimi qiymətləndirilir.
Tarix: 25 iyun 2026
Baxış: 23

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş