Xəbər lenti
Reklam
Ayna Fərhad yazır: Nişan üzükləri (hekayə)

Ayaz uzun sürən depresiyadan sonra, yenidən keçmiş halına qayıtmışdı. Üzü gülür, əvvəlki  günlərdəki kimi dostları ilə vaxt keçirir, işinə geri dönərək yüksəlir, günü-gündən, özünü inkişaf etdirirdi. Depressiyaya düşməsinin səbəbi sevgilisinin onu yarı yolda qoyması, ardından anasının vəfat etməsi idi. O dönəmdə heç kimlə əlaqə saxlamırdı, ailə üzvüləri ilə belə məsafəli davranırdı. Bütün yaşadıqları onu həmin dövrdə, sərt, əsəbi, acıdil birinə çevirmişdi. Bu haldan qurtulması, özü ilə mübarizəsi üç ilini aldı. 

Əvvəlki həyatına dönməsi ən çox kiçik möcüzə səbəbindən oldu. Yenicə doğulmuş bacısı qızına, vəfat edən anasının ismi verilmişdi. Validənin qədəmləri sözün əsil mənasında ailəsi və dayısı Ayaz üçün düşərli oldu. Demək olar artıq hərgün, uşağı görmək üçün bacısıgilə gedirdi. Bəzən isə onları gecələmək üçün öz evlərinə gətirirdi. Saatlarla Validəni beşiyində izləyər, oyanıb ağlayanda onu sakitləşdirib yatırdırardı. Tezliklə Ayaz işinə və ətrafına geri döndü. Onun bu halına ən çox atası və bacısı sevinirdi. 

Bir gün yaxın dostu Səməddən ona zəng gəldi. Şad xəbər verərək, tezliklə nişanlanacağını bildirdi. Ayazdan bu şad günündə yanında olmasını istədi. Ayaz dostunun təklifini böyük sevinclə qəbul edib gələcəyini bildirdi. Nişana hazırlaşan təzə bəydən hazırlıqların necə  getdiyini xəbər aldı. Hər şeyin hazır olduğunu, amma üzüklərin iki gün sonra alınacağını öyrəndi. 

Səmədi ürəkdən təbrik edib sağollaşan Ayaz, qərara gəldi ki, hədiyyə olaraq, dostunun nişanlısına qızıl sırğa və boyunbağı alsın. Həm də bu xeyir işdə Səmədə bir köməkliyi dəymiş olsun. Buna imkanı da çatırdı. Vaxt itirmədən qızıl dükanına yollandı. Qızılları seçərkən gözü üzük alan iki gəncə sataşdı. Bir-birinə çox yaraşan bu cütlüyün  səmimi, mehriban münasibətləri göz oxşayırdı.

Ayazın dərhal yadına öz nişanına hazırlaşması düşdü. Ailə üzvləri bu izdivaca qəti razı deyildilər. Çünki düşünürdülər ki, gənclər bir-birlərinə uyğun deyil. Buna səbəb qızın aşırı özündən razılığı və şöhrətpərəstliyi idi, üstəlik  aşırı dərəcədə azadlığa meyilli idi. Bütün narazılıqlara baxmayaraq, Ayaz sonda onları razı sala bilmişdi.

Nişanın baş tutacağı gün, saat təyin olunmuşdu, məkan seçilmişdi. Bütün hazırlıqlar bitmişdi, nişana üç gün qalmışdı. Ayazdan başqa heç kim bu vəziyyətdən məmnun deyildi. O, sevincindən göylərdə uçurdu. Ta ki  sevib-seçdiyi İlahə qarşısına şərt qoyana qədər. Qız Ayaza zəng vurub görüşə çağırdı. Onun ailəsi ilə yaşamaq istəmədiyini, başqa evə köçməli olduqalarını bildirdi.

Ayaz İlahəni şirin dillə yola gətirmək istəsə də, fayda vermədi. Azadlıq aşiqi  olan qız daha da irəli gedərək: "Mən sənin xəstə anana baxmaq məcburiyyətində deyiləm. Ev məsələsi alınmırsa, qapımıza elçiliyə gəlməyin", dedi.         

Ayaz eşitdiklərindən dəhşətə gəlmişdi. Sevdiyi, uğrunda ailəsinə qarşı çıxdığı qız, bir an içində gözlərində cılızlaşdı. İlahəyə: " Biz sizə elçi gəlməli olmadıq!" deyərək, görüş yerini tərk etdi… 

O gündən bəri Ayaz özünü otağına qapatdı, iki ay xəstə yatdı. Yaddaş itgisi, əsəb gərginliyi  onu tanınmaz hala salmışdı. Oğlunun bu halını görən Validə xanımın xəstəliyi daha da şiddətləndi, xəstə ürəyi buna tab gərirməyib dayandı. 

İlahə isə öz fitnə-fəsadından əl çəkmədi. Ayaza ismarıc göndərərək, onun ürəyini daha çox yandırdı. "Gördün, Ayaz, anana görə məndən ayrıldın, fələk də onu səndən aldı". Qəzəbdən gözü dönən Ayaz telefonunu sındırıb üç il heç kəslə kəlmə kəsmədi…

Satıcının səsi onu fikrindən ayırdı. Bu hadisəni xatırladığı üçün  özünə acığı tutdu. Hiss etdi ki, İlahəni xatırlamaq artıq onu incitmir. Şair demiş: "Sağalıbdır ürəyimin sən yeri". Çünki qız onun üçün adiləşərək bütün dəyərini itirib. 

Ayaz bir cüt bahalı qızıl sırğa və boyunbağı seçib  aldı və əziz dostu Səmədin evinə yollandı.

Ayna FƏRHAD
Tarix: 24 may 2025
Baxış: 197

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş