Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI

Toy etmək istəyənləri maraqlandıran ən vacib məsələlərdən biri də şadlıq evlərindəki qiymətlərdir. Bakıda xeyli sayda şadlıq evləri var ki, hər biri də qiymətinə görə seçilir.
Gender.Az Redaktor.Az-a istinadla ən məşhur olan şadlıq evlərindən bəzilərinin menyu qiymətlərini təqdim edir:
"Saphir" - 150 AZN-dən;
"Neolit" - 100 AZN-dən;
"Grand Opera" - 120 AZN-dən;
"Badi Səba" - 37 AZN-dən;
"Yeganə" - 100 AZN-dən;
"İmperial" - 55 AZN-dən;
"Altun" - 65 AZN-dən;
"Kolizey" - 55 AZN-dən;
"Elux Events Hall" - 220 AZN-dən;
"Grand Neon" - 60 AZN-dən başlayan menyuların qiyməti bəzi hallarda qonaq sayına görə dəyişir və artır. 
Maraqlıdır, bu qiymətlər arasındakı fərqliliyin səbəbi nədir və nədən asılıdır?  
Bu barədə Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi Redaktor.Az-a açıqlamasında bildirdi ki, şadlıq evlərinin qiymətləri müxtəlifdir və bahalaşma müşahidə olunur:
"Bu, qida məhsullarının və digər mal-materialların qiymətinin, işçi güvvəsinin xərclərinin artması kimi amillərdən asılıdır. Nəzərə almaq lazımdır ki, toyun xərcləri yalnız iaşə xidməti ilə məhdudlaşmır, burada foto-video çəkilişlər, müxtəlif animaslyalar, gül-çiçək, nigahın rəsmiləşdirilməsi, bəy və gəlin paltarları, saç düzümü, avtomobil icarəsi və daha nələri bu siyahıya əlavə edə bilərik. Bu xidmətlərin xərcləri bir çox hallarda şadlıq sarayının banket xidmətinin qiymətlərindən baha başa gəlir".
Sahibkar Mahir Zeynalov isə qeyd etdi ki, menyuların qiymət fərqlərinin böyük olmasının səbəbi həm yeməklərin və içkilərin çeşidləri, həm də keyfiyyəti ilə bağlıdır:
"Ümumiyyətlə, zalların özündə masalara verilən servizlərdə belə fərqlər mövcuddur. 40-50 manatlıq menyuda ola bilsin ki, bir çox çeşid yazılsın, amma stola verilən daha az olmuş olsun. Məsələn, 60 manatlıq menyularda verilən balıq panqasiusdur ki, kilosu 5-10 manatdır və çox yararsız balıqdır. Amma 100-150 manatlıq menyuda asetrin verilir. Aşağı qiymətli menyuda əgər ancaq yerli spirtli içkilərdirsə, bahalı menyuda rus, ukrayna içkiləri verilir".
Mahir Zeynalovun sözlərinə görə, 100-150-200 manatlıq menyular keyfiyyət cəhətdən bir-birinə yaxındır:
"Sadəcə olaraq balıq çeşidlərinin çoxluğu və spirtli içkilərin qiyməti menyunun da qiymətini dəyişir. Məsələn, 100 manatlıq menyuda qara kürü verə bilməyəcəklər, amma 150 manatlıq menyuda veriləcək. 200 manatlıq menyuda həm asetrin, həm beluqa, həm krevetka, həm qızıl balıq veriləcək, eyni zamanda hisə verilmiş balıq çeşidləri də olacaq ki, qiyməti dəyişən də elə bunlardır. Həmçinin xidmət edən personalın da çalışdığı qiymət ayrı-ayrıdır. 100-200 manatlıq menyuda işləyən xidmətçilər günlük 25-30 manat alırsa, 45-60 manatlıq menyuda işləyənlər 10-15 manat alırlar. Yüksək qiymətə çalışan personal daha professional olur. Həmin aşağı menyularda isə 15-18 yaşlı gənclər xidmət göstərir". 
Ekspert 100-150-200 manatlıq menyulardakı içki fərqlərindən də danışdı:
"100 manatlıq menyuda sadə, 20-25 manatlıq viski, 150 manatlıqda 50-60 manatlıq, 200 manatlıqda isə 150-200 manatlıq viski verilir. Bütün spirtli içkilərin, meyvə sularının, qazlı içkilərin hər biri bu cür dəyişir. Məsələn, 150-200 manatlıq menyularda ancaq xarici meyvə şirələri və qazlı-qazsız sular verilir, ancaq 100-150 manatlıqlarda isə həm yerli, həm də xarici su və şirələr olur. 40-60 manatlıq menyularda isə ümumiyyətlə, sex malları verilir. Heç həmin məhsullara marketlərdə rast gəlmək olmur, ancaq şadlıq evləri üçün istehsal olunur və çox keyfiyyətsiz olurlar". 

Sevinc İBRAHİMZADƏ

Tarix: 12 sentyabr 2024
Baxış: 84

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş