Ermənilərin Azərbaycana qayıtması mümkündür – Bunu etsələr...
“Hazırkı durumda Qarabağ ermənilərinin Azərbaycana geri qayıtması real deyil. Azərbaycan bu məsələ ilə bağlı dəfələrlə mövqeyini ən yüksək səviyyədə bildirib. Rəsmi Bakı heç vaxt ermənilərin ərazidən getməsini istəməyib. Bu istiqamətdə hər hansı məcburiyyət olmayıb. Yəni bu onların özlərinin verdiyi qərar, etdiyi seçimdir”.
Bu sözləri politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, bir vaxtlar Qarabağda yaşayan ermənilərin əksəriyyəti orada yaşayan yerli əhali deyildi:
“Məlum olduğu kimi işğalın ardınca Qarabağda daimi 15 min nəfərlik erməni hərbi kontingenti yerləşdi. Bu şəxslər daha sonra öz ailə üzvlərini, yaxınlarını Qarabağa gətirdi. Bundan başqa Ermənistan hökuməti Yaxın Şərqdən, Avropadan, Rusiyadan, ABŞ-dan insanları güzəştli şərtlər ilə Qarabağa dəvət etdi. Beləcə Qarabağın demoqrafik vəziyyəti süni şəkildə dəyişidirildi.
Qarabağda yaşayan ermənilər ərazinin yerli əhalisi olmadıqları üçün qısa zamanda öz istəkləri ilə ərazini tərk etdi. Halbuki rəsmi Bakı müvafiq portal yaratmış, vətəndaşlığı qəbul edənlərin ərazidə yaşaya biləcəyini elan etmişdi. Onu da deyim ki, portaldan keçib ərazidə qalan, yaşayan ermənilər var.
Amma bu gün vəziyyət bir az fərqlidir. Ermənilər öz istəkləri ilə Qarabağdan getsə də yenidən qayıdışları elə də sadə deyil. Aydın məsələdir ki, bu, kimlərinsə siyasi qərarı və oyunu əsasında baş tutacaq. Bundan başqa Azərbaycanın şərti var. Qarabağ erməniləri geri qayıdacaqsa ötən əsrin 80-ci illərində ata-baba yurdlarından qovulan Qərbi azərbaycanlılar da geri qayıtmalıdır. Əks təqdirdə, heç bir qayıdışdan söhbət belə gedə bilməz”. /Globalinfo.az