“Quru sərhədlərin bağlanması dünyanı sarsıdan koronavirus pandemiyası ilə bağlı oldu”.
Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov “Cebhe.info”-ya açıqlamasında deyib. O bildirib ki, bir çox dövlət xalqının və əhalisinin sağlamlığını qorumaq üçün sərhədlərini bağlayaraq qabaqlayıcı addım atdı:
“Azərbaycan da quru sərhədlərini bağladı və dünyanın bir çox inkişaf etmiş ölkələrinin qarşılaşdığı ağır nəticələrə məruz qalmadı. Dövlət bu mənada çevik hərəkət etdi. Hətta Azərbaycan buna görə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatlarında nümunə kimi göstərilən ölkələrdən biri oldu”.
Millət vəkili qeyd edib ki, o vaxtdan indiyə kimi quru sərhədlər açılmayıb:
“Zaman-zaman bununla bağlı məsələ gündəmə gəlir. Həm Prezident, həm Baş nazir, həm də deputatlar bunun səbəblərini söyləyiblər. Bu barədə ən son fikri də cənab Prezident İlham Əliyev deyib. Ümumiyyətlə, hazırda dünyada baş verən hərbi və siyasi gərginlikləri, müharibələri görürük. Azərbaycan heç də asan olmayan bölgədə yerləşir.
Cənubi Qafqaz bölgəsinə olan təzyiqləri və regionda baş verən hadisələri də nəzərə almaq lazımdır. Bölgənin lideri olan Azərbaycanın müstəqil və milli siyasət həyata keçirməsi bir çoxlarını narahat edir”.
Deputat vurğulayıb ki, rəsmi Bakı quru sərhədlərlə bağlı məsələdə konkret və qətiyyətli mövqe ortaya qoyur:
“Bir çox səbəbə görə hələlik quru sərhədlərin bağlı qalmasının məqsədəuyğun və doğru seçim olması inkaredilməzdir. Üstəlik, bu, öz doğruluğunu sübut edir. Təbii olaraq, heç bir dövlət və hakimiyyət iqtisadi cəhətdən ziyana getmək istəməz. Amma dövlətin əsas məqsədlərindən biri xalqının təhlükəsizliyini təmin etməkdir. Bilirik ki, bu gün ölkəmiz stabillik və dayanıqlı inkişafın nümunə kimi göstərilir”.
Vüqar İskəndərov diqqətə çatdırıb ki, bunu qazanılması və qorunub saxlanılması çox vacib məsələdir:
“Dövlət hər şeyi ölçüb-biçir, hamının görə bilmədiyi məsələləri görür və prosesləri daha yaxşı analiz edir. Sərhədlərin açılaması ilə bağlı heç bir problem olmayanda, açılacaq. İndiki halda quru sərhədlər açılmırsa, deməli, kifayət qədər səbəb var”.