"Klassik əsərləri müasir interpretasiyada təqdim etmək lazımdır" - TEATRŞÜNAS MÜNASİBƏT BİLDİRDİ
"Bugünkü gündə gənclər nəinki teatra, eyni zamanda mütaliəyə meyilli deyil. İndiki gənclər daha çox "YouTube" videolarına, "Tiktok" sosial şəbəkəsinə, komik səhnəciklərə maraq göstərirlər. İnanmıram ki, onlar oturub uzun-uzadı hansısa tamaşaya baxsınlar. Çünki dövr də dinamizm dövrüdür. Gənclər üçün iki saat tamaşaya baxmaq maraqlı deyil. Bunların hamısı nəzərə alınmalı və repertuar siyasəti düzgün qurulmalıdır". Bu sözləri SİA-ya açıqlamasında teatrşünas Rübabə Rzayeva deyib.
Onun sözlərinə görə, tamaşalar daha yığcam, həm mövzu, həm də təqdimat baxımından müasir olmalıdır: "Bizim klassik əsərlərimizi belə daha müasir interpretasiyada təqdim etmək lazımdır. Üstəlik, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində illərdir dramaturqlar yetişdirilir. AZMİU-dan artıq neçə nəsil dramaturq məzun olub. Bəs niyə biz onları tanımırıq? Onlarla işləmək, əsərlərini səhnəyə gətirmək lazımdır. Bu, həm onların inkişafı üçün yaxşıdır, həm də ümumilikdə Azərbaycan teatrının inkişafı üçün vacibdir. Mütləq mübadilə olmalıdır". "Bizim gənclərimiz ən azından xaricdə magistratura oxumalı, müəyyən təcrübə qazanmalı, müasir tendensiyalarla, xarici aktyorlarla tanış olmalı və qayıdıb ölkəmizdə öz biliklərini realizə etməlidirlər. Bunların hamısı məqsədyönlü olmalı və mərhələli həyata keçirilməlidir. İlk növbədə gənclərin marağı nəzərə alınmalıdır. Əvvəlki dövrdə insanlar fərqli idilər. Çünki əvvəllər bu qədər inkişaf yox idi. Bir neçə teatr fəaliyyət göstərirdi ki, onların hər birinin öz estetikası var idi. Bu gün təəssüf ki, hər şey bir-birinə qarışıb. Həmin estetika da qorunmur, repertuar siyasəti də düzgün müəyyən olunmur. Həmçinin, teatrlarda eyni əsərlər səhnəyə qoyulur.
Əvvəllər teatrlar məktəblərə gəlib maraqlı tamaşalar göstərirdilər. Sovet dövründə teatr aktyorları ilə görüşlər təşkil edilirdi. İndi də bunu etmək lazımdır. Çünki teatr aktyorlarını heç kim tanımır. Onları geniş auditoriyaya tanıtmaq üçün mütləq xalqla təmasda saxlamalıyıq",- deyə o əlavə edib.
Ləman Sərraf