Şəhid anası Talış kəndinə direktor təyin olundu - FOTO
Şəhid anası Talış kənd məktəbinə direktor təyin olunub.
Gender.Az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Qərara əsasən, 44 günlük Vətən müharibəsində şəhid olmuş Mirzəli Rəşad Hafiz oğlunun anası Afidə Mirzəyeva Tərtər rayon Talış kənd tam orta məktəbinə direktor təyin olunub.
Qeyd edək ki, bu təyinata qədər A.Mirzəyeva Tərtər rayon Hacıqərvənd kənd tam orta məktəbində riyaziyyat müəllimi işləyib.
Xatırladaq ki, Rəşad Mirzəli 1995-ci il mayın 26-da Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub.
Hərbi xidmət zamanı sülhməramlı qüvvələrin sıralarında Azərbaycanda 6 ay qulluq etdikdən sonra digər əsgər yoldaşları ilə birlikdə könüllü Əfqanıstana yollanıb və 2014-cü ildən 2015-ci ilə kimi xidmətini orada davam etdirib. Əfqanıstanda göstərdiyi qəhrəmanlıq və şücaətlərə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təltif olunub.
O, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Talış kəndi və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 1-də Suqovuşan döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçusu gizir Mirzəli Rəşad Hafiz oğlu ölümündən sonra “Vətən uğrunda”, ”Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”, “Hərbi xidmətə görə” medalları ilə təltif edib.
\\Unikal
Tarix: 15 sentyabr 2023
Baxış: 210
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş