Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
“Müslüm Maqomayevin adı niyə yoxdur? “Qara siyahı” haradan çıxdı…” – Andropovu özündən çıxaran olay
                                                                  
Onun nazir müavini vəzifəsinə təyin olunmasına Leonid Brejnev etiraz etsə də, sonda razılaşmağa məcbur olub. Baş katibin köməkçisi Georgi Tsukanov sonralar verdiyi müsahibələrində bu təyinatla bağlı fikirlərini belə bölüşüb:

“Vasili Kuxarskinin mədəniyyət nazirinin müavini təyin edilməsi ilə bağlı Brejnevin kabinetində üç saatdan artıq müzakirə getdi. Bu müzakirədə Kosıgin, Suslov və Furtseva iştirak edirdilər. Breynev bu təyinatla razılaşmaq istəmirdi. Furtsevanın təkidi, Kosıginin və Suslovun dəstəyindən sonra baş katib təklifə razılığnı bildirdi…”
Maraqlıdır, Kuxarskinin nazir müavini təyinatına yüksək ranqlı dövlət məmurlarının marağı hansı səbəbdən irəli gəlib?

1918-ci ildə Kiyevdə anadan olan Vasili Kuxarski Leninqrad Dövlət Konservatoriyasında təhsil alıb. Sovet-alman müharibəsi dövründə hərbi əməliyyatların keçirildiyi döyüş bölgələrində xidmət edib. Müharibənin ilk ilində yaralanaraq xidmətə yarasız sayılan Kuxarski ordudan tərxis olunaraq arxa cəbhəyə göndərilib. Bir müddət Perm vilayət mədəniyyət idarəsində işlədikdən sonra o, Moskvaya dəvət alıb.
İncəsənət sahəsinin adamı olmasına baxmayaraq Kuxarski olduqca sərt, tələbkar və sözünü açıq deməkdən çəkinməyən şəxs kimi tanınıb. Onun bu cür xarakteri işlədiyi bütün kollektivlərdə də özünü biruzə verib.
Moskvada fəaliyyətini “Sovetskaya muzıka” jurnalında məsul katib, “Pravda” qəzetində mədəniyyət şöbəsinin müdiri kimi davam etdirən Kuxarski 1960-cı ildə Mərkəzi Komitənin mədəniyyət şöbəsinə təyinat alıb. Bu vəzifədə o, özünü daha çox tanıda bilib.
Kuxarski mədəniyyət və incəsənət sahəsi ilə bağlı bir çox ümumittifaq miqyaslı komissiyaların üzvü seçilib. Bu komissiyaların işində digər üzvlər onunla mübahisədən həmişə çəkiniblər. Belə ki, Kuxarskinin verdiyi rəylər, çıxardığı qərarlar düzgünlüyə, ədalətə söykəndiyindən onları dəyişmək, yaxud da əksinə getmək mümkün olmayıb. Hətta o, bəzi məsələlərdə SSRİ-nin mədəniyyət naziri, siyasi elitada kifayət qədər böyük nüfuzu olan Yekaterina Furtseva ilə də razılaşmayıb. Amma buna baxmayaraq Furtseva onu özünə müavin gətirmək istəyib. Sözsüz ki, bu da səbəbsiz olmayıb. Sərbəstliyə daha meylli olan mədəniyyət və incəsənət nümayəndələrinin üzərində Kuxarski kimi bir şəxsin nəzarətini Furtseva vacib və mütləq sayıb.

Əslində, nazir müavini vəzifəsinə Brejnevin öz namizədləri olub, baş katib Furtseva ilə görüşdən iki gün əvvəl nazir müavini təyinatı ilə bağlı Ukraynadan iki nəfəri Mərkəzi Komitəyə söhbətə çağırıb. Amma Furtsevanın təkidi Brejnevi fikrindən döndərib. Digər tərəfdən Kosıginin və Suslovun Furtsevanın namizədinə dəstək verməsi də Brejnevi “yumşaldıb”.
Kreml məmurları Kuxarskinin nəyə qadir olduğunu yaxşı biliblər. Qatı stalinçi kimi tanınan Kuxarski Stalin məktəbini görmüş Kosıgin və Suslov üçün münasib kadr sayılıb.
Kuxarskinin nazir müavini vəzifəsinə təyinatı qurumda özünü dərhal biruzə verib. Onun Mədəniyyət Nazirliyindəki ilk addımlarından biri müğənnilərin solo konsertlərindəki aldıqları qonorarla bağlı olub. Belə ki, Kuxarski nazirliyin mühasibatlığına ciddi hesabatların aparılmasını, solo konsertlərə xərclənən qonorarlarla bağlı arayışın hazırlanmasına göstəriş verib və araşdırmalardan sonra məlum olub ki, bu sahədə yetərincə qanun pozuntularına yol verilib.
Bu qanun pozuntularında mövcud dövrün ən populyar ifaçılarından biri olan Müslüm Maqomayevin adı xüsusilə hallanıb. Nazirliyin daxili araşdırmaları nəticəsində məlum olub ki, Müslüm Maqomayev verdiyi hər solo konsertə görə ezamiyyət xərclərindən əlavə 200 rubl qonorar alıb. Konsert təşkilatçıları, xüsusilə də xarici ölkələrdə Müslüm Maqomayevin daha çox konsert verməsinə can atıblar, onu razı salmaq üçün qonorarın məbləğini 600 rubla qaldırıblar və müğənniyə onu da bildiriblər ki, qonorarın yüksək olması qanun çərçivəsindədir. Əslində isə 200 rublun üzərinə qoyulan 400 rubl mühasibatlıqda rəsmiləşməyib, bilet maxinasiyasından əldə olunan gəlirin hesabına olub. Bu maxinasiyaları Kuxarski cinayət adlandırıb və heç kimlə, o cümlədən Furtseva ilə də hesablaşmadan məsələni hüquqi müstəviyə çıxarmağa qərar verib. O, Müslüm Maqomayevlə bağlı SSRİ Daxili İşlər Nazirliyinin Sosialist Əmlakının Dağıdılması ilə Mübarizə İdarəsinə (OBXSS) rəsmi məktub ünvanlayıb. Məktub rəsmi dövlət qurumundan daxil olduğuna  görə DİN-də Maqomayev haqqında cinayət işi açılıb. Bu hadisə böyük qalmaqala səbəb olub.

Kremlin və Furtesavının müdaxiləsindən sonra cinayət işinə xitam verilib. Amma bununla yanaşı Maqomayev cəza tədbiri olaraq bir müddət səhnəyə buraxılmayıb. Məhz həmin ərəfəni Maqomayev Bakıda keçirib.
Maqomayevin səhnə məhdudiyyəti uzun çəkinməyib. Həmin ərəfədə Dövlət Təhlükəsizliyi Komitəsi öz yubileyinə hazırlaşanda DTK sədri Yuri Andropov mədəniyyət naziri Furtseva ilə yubiley konsertinin təşkilini müzakirə ediblər. Furtseva Andropova konsertdə iştirak edəcək incəsənət xadimlərinin siyahısını əvvəlcədən göndərəciyini bildirib. Yubiley tədbirinə bir neçə gün qalmış siyahı Andropova təqdim edilib. Siyahıda Müslüm Maqomayevin adını görməyən Andropov Furtsevaya zəng vurub:
Yekaterina Alekseyevna, siyahıda Maqomayevin adına rast gəlmədik.
Mədəniyyət naziri DTK sədrinin cavabını dərhal verib:
Onun adı bizdə qara siyahıdadır.
Çox nadir hallarda dövlət məmurları ilə zarafat edən Andropov bu dəfə Furtseva ilə zarafat etməyə qərar verib:
Mən elə bilirdim, qara siyahı təkcə bizdə olur.
Xeyr, Yuri Vladimiroviç, bizim də öz siyahımız var.
Mən bilmirəm sizin siyahı nə rəngdədir, təkcə onu bilirəm ki, Maqomayevin adı bizim siyahıda yoxdur. Onun konsertdə iştirakını təmin edin.
Bu kiçik dialoq Müslüm Maqomayevi yenidən böyük səhnələrə qaytarıb.

Kuxarski bu hadisədən razı qalmayıb, amma Andropova nəsə deməyə də cürəti çatmayıb. Sərt nazir müavini həmin tədbirdə iştirak edib və elə həmin tədbirdə də Maqomayevlə barışıblar.
Vasili Kuxarski 16 il, 1983-cü ilə qədər nazir müavini vəzifəsində qalıb. Onun bir neçə dəfə nazir kürsüsünə keçmək şansı yaransa da, Kreml məmurları sərt xarakterinə görə bu təyinata razılıq verməyiblər. Yuni Andropov isə hakimiyyətə gəldikdən sonra Kuxarskini tutduğu vəzifədən azad edib.
Ömrünün son illərini musiqi yaradıcılığına və  memuarlarını yazmağa sərf edən Kuxarski 1995-ci ildə vəfat edib. / Sfera.az
Tarix: 25 fevral 2022
Baxış: 474

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş