Xəbər lenti
Reklam
Gözəldir, eləmi?

İnadkar insandır, dürüstlüyü və səmimiyyəti ilə fərqlənir. Həqiqətin qalib gəlməsinə, irəliləməsinə əhəmiyyət verir. Məntiq onun üçün emosionallıqdan daha vacibdir. Son dərəcə etibarlı, nəcibdir. Bütün bunlarla yanaşı həyat onun üçün də asan keçməyib...
Məhsəti Gəncəvidən üzü bəri Azərbaycan ədəbiyyatında gözəl poeziya nümunələri yaradan qadınlar çox olub. Onların unudulanları da var, yadda qalanları da. İnanıram ki, əlahəzrət ZAMAN haqqında söhbət açdığım Xanım İsmayılqızının da yaradıcılığını seçib əsrlər boyu yaşadacaq...
İdealist xanımdır, daxilində lider ruhu yaşayır. Güclüdür, həm də xarakterik fiziki xüsusiyyətlərə sahibdir. Çox şən və enerjilidir. Cəsarətli qərarlar verməyə qadirdir. Düşmən kimi qəbul etdiklərinə qarşı çox amansız, dostlara qarşı mərhəmətlidir. Necə deyərlər, verəcəyi hər bir qərara yaşadığı məqamlar çox təsir edir. Əlahəzrət SÖZün qüdrətindən istifadə edib yazır ki:
Təsəvvür elə ki, doğulmamısan,
Hələ nə anan var, nə də ki atan.
Səni qoparmırlar doğma bətnindən,
Nə səndən keçən var, nə sənə çatan.
Təsəvvür elə ki, yıxılmamısan 
Nə yerə, nə göyə, nə də hallara.
Şəkil çəkdirməyib səninlə heç kim,
Adın qazılmayıb daş-divarlara.
Təsəvvür elə ki, elə yerdəsən -
Nə ordan o yana, nə bu yana var.
Dilin də, dinin də möcüzədədi,
Hələ olmayıbdı bütün olanlar.
Təsəvvür elə ki, göz açmamısan
Nə bu atanlara, nə tutanlara.
Nə ağa, nə nökər, nə qul olmusan 
Şahlara, xanlara və sultanlara.
Təsəvvür elə ki, ovuclarına
Nə ümid əkiblər, nə pul atıblar.
Səni, bu dünyaya dağılmaq üçün,
Nə ala biliblər, nə də satıblar.
Təsəvvür elə ki, hələ oyaqsan,
Nə gələcəyin var, nə də keçmişin.
Hələ damarında qanın qaynamır,
Nə də özündəndir qanı içmişin.
Təsəvvür elə ki, ruhdan əyrilən 
Ömrün dolanmayıb böyük yumağa. 
Ürəyin özüylə dil-dil ötərkən,
Məcbur olmamısan qəfil susmağa.
Təsəvvür elə ki, əsl gerçək - Sən, 
Yazılmaq, pozulmaq - qərib yuxudur.
Xəyal - gerçəkliyə dönmək istəyir, 
Doğulmaq - adamı yaman qorxudur.
Onun belə parlaq poeziya nümunələri çoxdur. Mən sizə cəmi birini təqdim edə bildim. Gözəldir, eləmi?..

 Elman Eldaroğlu

Tarix: 13 yanvar 2024
Baxış: 117

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş