Xəbər lenti
Reklam
“Afaq Aslan, Səmra kimilər bizi içimizdən yeyir...” – Xalq artisti

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Türkiyədə tanınmış sosial media fenomeni Gizem Bağdaçiçek və daha bir neçə qadın açıq-saçıq paylaşımlarına görə məsuliyyətə cəlb olunub.
Qardaş ölkənin atdığı addım Azərbaycanda da rəğbətlə qarşılanıb. Heç təsadüfi deyil ki, son illər bizim də "sosial media fenomenləri", "modellər" və "müğənnilər" sosial şəbəkələrdə davamlı olaraq lüt şəkillərini paylaşır, efirlərə yarıçılpaq şəkildə çıxırlar. Belə hallar hər zaman qınaqla qarşılansa da nəticə çıxaran yoxdur, Afaq Aslan, Səmra Hüseynova kimilər yenə də gündəmə ancaq soyunmaqları ilə gəlirlər.
Bəs, belələrinə qarşı bizdə hansı tədbirlər görülməlidir?
Sualın cavabı üçün Xalq artisti Əbdül Mahmudovla həmsöhbət olduq.
O, açıqlamasında bildirib ki, bütün bəlalarımızın səbəbi laqeyidliyimizdir: "Ətrafımızda baş verənlərə çox biganə olmuşuq. Bundan istifadə edən pul hərisləri də min bir oyundan çıxırlar. Çox təəssüf ki, çoxlarımız cəmiyyətdə baş verən neqativ proseslərə çox biganə yanaşırıq. Bəzənsə həmin biabırçılıq trendinə qoşuluruq. Nədi-nədi populyar olacağıq, pul qazanacağıq.
Problemin digər səbəbi televiziyalardır. Bizim televiziyalar iki şeyə xidmət edir. Birincisi, lüt qadınları və saqqalı gədələri təbliğ edirlər. İkincisi də şou əhli istehsal edirlər. Mənim kimi neçə Xalq artisti var ki, aylarla efirlərdə görünmür. Amma baxırsan ki, televiziyalar dünənki uşağa 2 saat efir verir. Savadı, sənəti olmayanlar da 2 saatda nə etməlidir ki?! Təbii ki, orasını-bursını göstərməlidir. Gündə efirə bir lüt qadın çıxardırlar. Adına da model deyirlər. Soruşan yoxdur ki, bu hansı dəfilə gecəsidir? Kim bunları model seçib?!".
Xalq artisti problemin həlli üçün özünün təklifini də söylədi: "Mən qardaş Türkiyədə atılan addımı alqışlayıram. Bizdə də efirlərdə soyunanları, pornoqrafik şəkillərini sosial şəbəkələrdə paylaşılanları ən ağır şəkildə cəzalandırmaq lazımdır. Çünki, Afaq Aslan, Səmra Hüseynova kimilər tanıdığımız düşməndən daha qorxuludur. Onlar bizi içimizdən yeyib, məhv edir. Belələrinə qarşı ən qısa zamanda sərt tədbirlər görülməlidir. Sonra gec olacaq". \\Qlobal.net

Tarix: 06 yanvar 2024
Baxış: 87

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş