Redaktor seçimi
    Sarkisyan Xocalıda törətdiyi vəhşilikləri yenə etiraf etdi
Xəbər lenti
Reklam
Bacımı yerdə qanın içində tapdım- Vasif Ənvəroğlu: "BƏTİNDƏ ÖLƏN MƏLƏKLƏR - 5"
 Əvvəli burada
"BƏTİNDƏ ÖLƏN MƏLƏKLƏR - 5"
"Ağ xalatlı Aypəri"
İtlərdən qaçıb canını qutara bilməyən Yasəməni yerdə qanın içində tapdım. Əlləri, ayaqları dişlək-dişlək idi. Üzü üstə düşüb qışqırırdı. Əlimə keçən daşdan, kəsəkdən atıb itləri qovdum. Çatırıb bacımı arxası üstə çevirdim. Üzü tamam qan idi. Güc-bəlayla qucağıma alıb evimizə apardım.
Əynindəki paltar da cırılmışdır.
Paltarını soyundurub yaralarını sarıdım, amma qanı saxlaya bilmirdim. Qızı evdə qoyub babamı çağırmağa qaçdım. Yoldaca qərara gəldim ki, günahı elə Yasəmənin üstünə atım. İçəri necə soxuldumsa, babam yerindən dik qalxdı.
- Nə səs-küydü Aypəri? Hardan gəlirsən?
- Bəxtəvər adamsan e. Yasəmən evdən qaçıb, yolda da itlər parçalıyıb.
- Az sən nə danışırsan? Hanı uşaq?
- Evə apardım, ölür.
Babam özünü çölə atdı. Elə ayaqyalın, köynəksiz qaçdı bizə. İçəri girəndə gördük ki, bacım lal-dinməz uzanıb. Babam iki əli ilə dizinə vurub irəli yüyürdü. Yasəmən qan itirdiyindən və ağlamaqdan süst düşmüşdü. Babam cəld hərəkətə başladı. Əlinə keçən təmiz əskini arağa batırıb yaralara basdı. Birinci üzünün qanını təmizlədi. Üzündə dişlək yeri yox idi. Bacım ağladıqca əlinin qanını üzünə yaxıbmış. Arağın yanğısına bacım yenə ağlamağa başladı. Babam araqladığı yaranı üfürüb Yasəməni sakitləşdirməyə çalışırdı. Birtəhər yaraları sarıyıb qanı dayandıra bildik.
Babam 1 stəkan şərbət qayırıb Yasəmənə içirtdi. Bir az özümüzə gəlmişdik ki, sorğu-sual başladı.
- Hara gedirdin, a bala?
Ondan qabaq mən dilləndim.
- Evimizə.
Bacım ağrıdan qapanan gözlərini üzümə zilləyib susurdu.
- Yəqin evimizə gedirmiş də. Axı biz heç vaxt başqa yerdə yatmamışıq.
- Sənin xəbərin oldu gedəndə?
- Yox, hardan olsun? Yatmışdım.
- Bəs nə bildinki bunu it yeyir?
- Of, ay baba! Oyandım da. Oyandım gördüm yanımda yoxdur. Dedim yəqin tualətə çıxıb. Gözlədim gəlmədi. Durdum çıxdım çölə. Baxdım ki, həyət qapısı açıqdı. Bildim ki, Yasəmən çıxıb yola. Mən də yola çıxanda evə yaxın yerdə qışqırığını eşitdim qaçdım yanına.
-Nə yaxşı ki, oyanıbsan. Yoxsa, heç leşini də tapmazdıq.
Yasəmənin halı olsaydı bu uydurmama görə bəlkə də üzümə tüpürərdi. Yazıq heç səsini də çıxartmadı. Eləcə üzümə baxıb-baxıb gözünü yumdu.
Səhər tezdən babam qızı qucağına alıb apardı evlərinə. Mən də yerə tökülən qan ləkələrini silib, evi səliqəyə salıb, onların dalınca getdim.
Səhər yeməyini yenicə bitirmişdik ki, qapının ağzında maşın dayandı. İlahi, elə bildim ki, Əzrail canımı almağa gəlib. Bəlkə də bu ondan daha qorxulu hiss idi. "Ay ev yiyəsi" deyib babamı səslədilər. Bu həmin adamın səsi idi. Qapını tıqqıldadıb həyətə girdi. Yanında 50 yaşlarında, hündür qamətli, başına şabalıdı rəngdə hicab bağlamış bir qadın vardı.
- Dayı sabahınız xeyir.
- Aqibətin xeyir.
- Sabahınız xeyir.
Qadın da dilləndi.
Babam onun salamını başı ilə aldı.
- Bu Nuranə xanımdı. Dünən haqqında dediyimiz qadın.
Babam bu dəfə də başını yellədi.
- Yasəmən hanı?
- Biraz naxoşlayıb, içəridə.
- Niyə xəstələnib ki?
Qadın məndən soruşdu, sonra, əyilib alnımdan öpdü.
- Xəstələnməyib e, it …
- Yıxılıb!
Babam sözümü ağzımda qoydu. Qadın bilmədi hansımıza qulaq assın.
- Qızım, dur bacını gətir.
Gedib Yasəməni oyatdım. Qucağıma alıb qapıya qədər gətirdim. Nuranə xanım Yasəməni görən kimi ayağa qalxdı.
- Buna nə olub?
- İt dişləyib.
Nuranə xanım stoldan aralanıb mənə tərəf gəldi. Bacımı qucağına götürüb üz-gözündən öpməyə başladı.
- Cəld maşını xodla gedirik.
- Ay qızım bir dayan. Biz hələ söhbəti dağ eləməmişik.
- A kişi nə söhbət, nə dağ? Uşaq ölür e. Bu kirli əskiləri bağlamaqla adam sağalar?
- Nuranə bacı bəlkə bura kənd xəstəxanasına aparaq sonra rayona gedərik?
- Yox elə bir başa rayona gedirik. Buna təcili quduzluq iynəsi vurulmalıdı.
- Qızım vallah boşuna təlaş edirsən. Öz həyətimizin itidi.
- Ay baba nə həyət. Sənə deyirəm 4-5 dənə it cummuşdu bizə.
Elə bil qəstlə babamın yalanını açırdım.
- Fərqi yoxdu həyətinin iti, küçənin iti. Bütün hallarda it dişləməsi varsa mütləq iynə vurulmalıdı.
Qadının belə canfəşanlığı babamın da mənim də xoşuma gəldi.
- Olar mən də sizlə gedim?
- Olar! Niyə olmur ki? Get əynini geyin gedək.
Bu sözə bilmədim gülüm ya ağlıyım. Gözlərimi ondan qaçırtmağa çalışdım.
- Olan paltarım elə budur.
Qadın dinmədi. Elə bil içində nələrsə qırıldı. Üzünün rəngi dəyişdi. Bir az özünü toparlayıb, gülümsədi.
- Bununla getsəm olmaz?
- Olar, sənə hər şey olar. Cəld olun gedək.
Babam bizi ötürmək üçün arxamızca qapıya qədər gəldi. Biz maşına minib yola düzəldik. Yol boyu qadın hərdən məndən bəzi şeylər soruşur, sonra, şoferlə öz aralarında müzakirə edirdilər. Yasəmən arada gözünü açıb üzümə baxır, yenidən yuxuya gedirdi.
Beləcə gəlib rayona çatdıq. Xəstəxanaya getmədən öncə bir paltar mağazasının önündə dayandıq. Nuranə xala məni də özü ilə düşürdü. Bacımla şofer maşında qaldılar. Mağazadan müxtəlif ölçüdə 2 dəst paltar və ayaqqabı alıb çıxdıq.
Yasəmənin paltarını elə maşında geyindirib xəstəxanaya yollandıq. Çatan kimi bacımı xələyə qoyub içəri apardılar. Nuranə xala mənə maşının yanında gözləməyi tapşırdı. Bu məkanda, bu geyimdə özümü tamam başqa cür hiss edirdim. Nuranə xalanın ikimizə də aldığı qırmızı rəngli, sinəsi və balağı küpürlü yay donu Asyanın paltarından da qəşəng idi. Elə istəyirdim ki, tez evə çatıb paltarımı məhəlləmizdəki uşaqlara göstərim. Bizi gətirən, hələki adını bilmədiyim dayı da ortalıqda görünmürdü. Bacımı içəridən çıxardıb maşına gətirdilər. Yaralarını təmiz tənziflə sarımışdılar. Gözlərinin qızartısından bildim ki, içəridə çox ağlayıb. Məni görən kimi gülümsədi. Lopabığ dayı da tez özünü çatırdı. Əlində 2 salafanda bulku, şirin su və dondunma vardı. Birini mənə uzatdı.
- Al bu sənin. Bu da Yasəmənin.
O biri salafanı Yasəmənin qucağına qoydu.
Maşına oturub, xəstəxanadan uzaqlaşdıq.
- Nuranə bacı, hansı tərəfə gedirik.
- Evə gedək. Uşaqlar acdı. Yemək yesinlər, sonra, ...
Bir xeyli səssizlik oldu. Nuranə xala gözünü qırpmadan nəsə düşünürdü. Qaşını qaldırıb yendirir elə bil içində kimləsə danışırdı. Bəzən başını da yelləyib nəyisə təsdiqləyirdi. Bir gözüm onda öz dondurma payımı yeyib, şirin suyumu içdim.
- Kamran qardaş, sür kişinin yanına. Gedək məsləhətli iş görək. İndi oda narahatdı.
Özümü dadlı yeməklərə hazırlasam da bu baş tutmadı. Günortaya yaxın gəlib evə çatdıq. Yolda heç kim yox idi. Amma, mən istəyirdim ki, məni maşından düşən, təzə donumu görən olsun. Dayıdan xahiş etdim ki, maşının siqnalını çalsın. O da xətrimə dəyməyib uzun bir siqnal verdi. Yenə heç kim görünmədi. Yadıma düşdü ki, onlar bu vaxtı məktəbdə olurlar. Maşından düşüb həyətə keçdik. Babam təzə paltarlarımızı görüb gülümsədi.
- Gəldiz? Necədi Yasəmən?
- Hər şey yaxşıdı. Quduzluğa qarşı vaksin vuruldu. Yaralarına da tikiş qoydular. İnşallah tezliklə yaxşılaşacaq.
Nuranə xala babama olanları anlatdı. Babam qadına təşəkkür edib süfrəyə dəvət etdi.
Qonaqlarla babam çay süfrəsi ətrafında ortaq anlayışa gəlib, Yasəməni Nuranə xanımın himayəsinə verdi.
Bacımı bərk-bərk bağrıma basıb ağlamağa başladım. Bilirdim ki, onun üçün hər şey yaxşı olacaq. İsti yeməyi, əyin-başı, sağlamlığı yerində olacaq. Ancaq, mən onsuz dayana bilməyəcəm. Bacım da məni buraxıb getmək istəmirdi. Əlləri sarğılı olduğu üçün biləkləri ilə qolumdan yapışmışdı. Kamram dayı onu qucağına alıb başını qatdı ki, yarasına dərman sürtməyə aparırlar. Axşama qaytarıb gətirəcək. Nuranə xala məni qucaqlayıb vidalaşdı. Maşın hərəkətə gələndə ikimizdə eyni anda "bacı" deyib qışqırdıq. Babam arxadan başımı sinəsinə sıxıb hönkürtü ilə ağladı.
- Başqa çarəmiz yoxdur, Aypəri. Biraz ara düzəlsin, Yasəmən də sağalsın, gedib gətirəcəm bacını.
Babama heçnə demədən ondan aralandım. Gözü yaşlı evimizə gedib, yatağımıza uzandım. Evdə anamdan qalmış yeganə şəklini öpə-öpə olanları ona danışmağa başladım.
***
Yasəmənin getdiyi tam 2 ay olmuşdu. Amma, mən hər gün onun gəlməsini istiyirdim. Neçə dəfə babama onun verdiyi sözü xatırladıb, "Yasəmən çoxdan sağalıb, get bacımı gətir" demişdim. Gündüzlər pambıq yığmağa, qoza ayıtlamağa gedirdim. Axşamlar isə ya babamla, ya da öz evimizdə gecələyirdim. Artıq payızın soyuq yağışları başlamışdı. Həmin gecə yenə güclü yağış yağmağa başladı. Eşikdəki pambıq yığdığım yun bardonlar islanmasın deyə onları götürmək üçün həyətə düşdüm. Kisələri qucağıma yığıb ayağa qalxanda kimsə arxadan ağzımı tutdu.Nə qışqırmağa nə də qaçmağa macalım olmadı.
***
- Doktor çay içirsiz?
- Nə?
- Deyirəm çay içirsiz? Pasientimizin biri tort gətirib. Çay süzüm tortla çay için.
- Hə, pis olmaz. Sən çay süz mən də əl-üzümə su vurum gəlirəm.
Üzürlü bilin məni.
Özünüzə yaxşı baxın, gəlib ardını danışacam.                    
     
101.az

Tarix: 29 iyun 2020
Baxış: 676

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş