Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Hər iki həyat yoldaşı güllələndi, ona görə qadınlar çadrasını atdı, ömrünün sonunadək qorxu ilə yaşadı...

Bu gün Xalq artisti, böyük aktrisa Mərziyyə Davudovanın anım günüdür. Onun haqqında maraqlı faktları təqdim edirik.
Mərziyə Yusif qızı Davudova 8 dekabr 1901-ci ildə Həştərxanın Sarevo çayının sahilində yerləşən eyniadlı kənddə anadan olub. Kəndlərindəki dördillik "Darültəhsil", daha sonra isə "İqbal" rus-tatar məktəbində oxuyur. Bu dövrlərdə teatr fəaliyyətinə başlayır, burada həvəskarların hazırladıqları tamaşalarda oynayır.

***

İlk dəfə səhnəyə “Birinci teatr” adlı tamaşada Ərəfə rolunu oynayır. Hüseyn Ərəblinski Həştərxanda qastrolda olarkən onun oyununu bəyənir və onu Bakıya dəvət edir. Həmin ərəfədə on altı yaşlı Mərziyyə anasını itirir. 1919-cu ildə isə Bakıya gəlib Birləşmiş Dövlət Teatrosu nəzdindəki kollektivə aktrisa qəbul edilir.
Aktrisanın ən böyük arzusu Hüseyn Ərəbliniski ilə səhnədə tərəf müqabili olmaq olur. Lakin, 1919-cu ildə Ərəblinski öldürülür. Mərziyyə Davudova o dövrün ən güclü aktyorlarından biri olan Abbas Mirzə Şərifzadə ilə eyni səhnəni paylaşır. Getdikcə onların arasında isti, yaxın münasibət yaranır. Bu yaxınlıq onların ailə qurmasına səbəb olur.

***

Mərziyyə Davudova çox qısa müddətdə Akademik Milli Dram teatrının ən aparıcı aktrisalarından birinə çevrilir. “Sevil” pyesində Sevil rolunu o qədər təbii ifa edir ki, tamaşaya baxmağa gələn qadınlar zaldaca çarşablarını çıxarıb atırlar.

***

Onun səhnədə göstərdiyi təbii oyunu və sənət yanğısı haqqında Cəfər Cabbarlı yazırdı: "Mərziyyə yetkin bir sənətkardır, ustadır. Aktrisa səhnədəki əhval-ruhiyyəsi ilə bütün tamaşa salonuna təsir edən heyrətamiz bir istedada malikdir".
Aktrisa qısa müddətlik Tiflis Azərbaycan Dram Teatrında və Bakı Türk İşçi Teatrında işləsə də, ömrünün sonunadək Akademik Milli Dram Teatrının aparıcı sənətçilərindən olur.

***

Aktrisa 1936-cı ildə Xalq artisti adını alır. 1956–1961-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin (hazırkı Azərbaycan Teatr Xadimləri İttifaqı) sədri vəzifəsində işləyir. Azərbaycan SSR Ali Sovetinin deputatı olur.

***

O, “Maqbet”, “İblis”, “Otello”, “Sevil” kimi tamaşalarda özünə məxsus rollar ifa edib. “Hacı Qara”, “Bir ailə”, “Bakının işıqları” filmlərinə çəkilir. “Bəxtiyar” filmində Bəxtiyarın anası Gülbadam rolunu ifa edir.
“İblis” tamaşasında Abbas Mirzə Şərifzadə ilə tərəf müqabili olur. Tamaşa böyük uğur qazanır. Amma bir müddət sonra cütlük boşanır. Mərziyyə Davudova ikinci dəfə digər istedadlı həmkarı Ülvi Rəcəblə ailə qurur. Bu evlilikdən onların Rauf adlı oğlu dünyaya gəlir.

***

Mərziyyə xanım Cəfər Cabbarlı, Hüseyn Cavid, Səməd Vurğun, Mirzə İbrahimov, Mehdi Hüseyn, Ənvər Məmmədxanlı kimi Azərbaycan dramaturqlarının əsərləri ilə yanaşı, rus və Qərbi Avropa ədiblərinin də tamaşalarında bir-birindən fərqli və mürəkkəb qadın obrazları yaratdır.
Xalq artisti Hökümə Qurbanova öz xatirələrində yazırdı: “Bu da taleyin qismətidir. Mərziyyə xanımın ilk dəfə yaratdığı obrazları sonralar mən oynadım. Həmişə həyəcan keçirirdim ki, o bu məsələyə necə baxacaq. Böyük ürək və istedad sahibi idi. Həmişə tamaşadan sonra məni ilk təbrik edib oyunumu bəyəndiyini söyləyən Mərziyyə xanım olardı. Bu aktrisa əsl sənət fədaisi kimi gənclərə xüsusi qayğı göstərərdi”.

***

1937-ci ilin repressiyası aktrisanın taleyindən yan keçmir. 1937-ci ildə həyat yoldaşı Ülvi həbs olunaraq güllələnir. 1937-ci il dekabrın 3-də Dövlət Təhlükəsizliyi İdarəsi 3-cü şöbəsinin müvəkkili, leytenant Kovrijenko Şərifovun məsuliyyətə cəlb edilib həbs olunması barədə qərar verir. Qərar yuxarı instansiyalarda da təsdiq edilir. Böyük teatr xadimini ad günü ərəfəsində həbsə alırlar. Bakının Çadrovaya küçəsi, 115 ünvanda yerləşən evində axtarış aparılır və müsadirə zamanı tapdıqları bir teatr qılıncı və iki teatr tapançası olur. 1938-ci il oktyabrın 30-da 44 yaşlı Abbas Mirzənin casusluq fəaliyyətinə görə güllələnməsi qərara alınır. Əmr isə noyabrın 16-da yerinə yetirilir.
Ancaq 1955-ci ilə qədər Mərziyyə xanım və qızı, aktrisa Firəngiz Şərifova onun necə öldüyünü bilmir. Həmin il oktyabrın 15-də Firəngiz xanım Dövlət Təhlükəsizliyi Komitəsinə müraciət edərək atasının son taleyi haqqında məlumat verilməsini tələb edir. SSRİ Baş Prokurorluğu Abbas Mirzənin işini araşdırıb onun haqqında çıxarılmış qərarı ləğv edir və iş xətm olunur. Ancaq nədənsə Firəngiz xanıma atasının 1938-ci il noyabrın 16-da güllələndiyini deyil, 1941-ci il noyabrın 1-də ürək infarktından vəfat etdiyini bildirirlər.

***

Mərziyyə Davudova uzun zaman istintaq üçün hüquq orqanlara çağırılır. Deyilənə görə, əri repressiya olunandan sonra Mərziyyə Davudova balaca boxça yığıb, evin bir küncündə saxlayırmış ki, indi gəlib onu da aparacaqlar, güllələyəcəklər. O illərin xofu ömrünün sonuna kimi Mərziyyə xanımın qəlbində yaşayır.

***

Mərziyyə Davudova 6 yanvar 1962-ci ildə Bakı şəhərində uzun sürən xərçəng xəstəliyindən vəfat edir. \\ Kulis.az

Tarix: 06 yanvar 2022
Baxış: 250

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş