Bu, hələ də verilən ən qədim suallardan biridir: Əvvəl hansı yaranıb – toyuq, yoxsa yumurta? İlk baxışdan sualda məntiqi tapmaca var: Əgər toyuq olmasa, yumurta haradan gələcəkdi, yumurta olmasa, toyuq haradan çıxacaqdı? Qapalı məntiq dairəsi alınır. Lakin bu, məsələyə elmi təfəkkürlə yanaşmayanlar üçün belədir.
Suala təkamül biologiyası nöqteyi-nəzərindən yanaşanlar üçün isə məsələ sadəcə, gülməli dərəcədə asan görünür.
Texniki olaraq, yumurta – nəsil artırmanın mexanizmlərindən biri olmaqla, sərt membranın (qabıq) içindəki embriondan başqa bir şey deyil. Daha doğrusu, söhbət 3 membrandan gedir: embrionun qida və tənəffüs mühitlərini təmin edən daxili yumşaq membranlar və xarici müdafiəni yaradan bərk membran. Yumurtanı soyarkən bunları hamınız görmüsünüz.
Yer kürəsində canlıların bu yolla – üçqat membranın içində gizlənən embrionun köməyilə nəsil arıtması təxminən 340 milyon il əvvəl başlayıb. Ona qədər də canlılar yumurta qoyurdular, lakin bu proses daha çox suda baş verdiyindən, həmin ibtidai proto-yumurtaların üst qabıqları bərkimirdi. Bu gün gördüyümüz şəklini alana qədər yumurta böyük təkamül yolu keçib.
Amniotik (daxili ehtiyatları təmin edən üç membranlı) yumurtanın yaranması planetdə həyatın inkişafında böyük bir addım olub. Məhz amniotik yumurtanın yaranması həyatın sudan quruya çıxmasında həlledici rol oynayıb.
Bu gün yumurta qoymaq yolu ilə çoxalan bütün canlıların elmə məlum olan sonuncu ümumi əcdadları tetrapodlar təxminən 370-340 milyon il əvvəl yaşayıblar. Bugünkü məməlilər, sürünənlər, suda-quruda yaşayanlar, quşlar ilk amniotlardan törəyiblər.
Bəs ilk toyuqlar nə zaman yaranıb? Bunun üçün əvvəlcə müəyyən mərhələdə proto-toyuqların DNT-sində qalıcı mutasiya baş verməli və növbəti nəslə ötürülməli idi. Bu mutasiya cənub-şərqi Asiya ölkələrinin birində yaşayan cəngəllik quşlarında baş verib və müəyyən müddət sonra insanların onları əhliləşdirməsilə nəticələnib. Vəhşi toyuqların bu gün tanıdığımız şəklə düşmələri təxminən 10 min il əvvəl reallaşıb, onların formalaşması isə daha öncə - təxminən 58 min il əvvəl baş tutub. Toyuğun yarandığı tarix kimi məhz bu rəqəmi götürə bilərik.
Beləliklə, suala qayıtsaq, yumurta bundan 340 milyon il, toyuq isə cəmi 58 min il əvvəl yaranıb. Yəni nəinki yumurta toyuqdan əvvəl yaranıb, hətta yumurta yarananda toyuğun bu planetdə heç izi-tozu da yox idi! Nəinki izi-tozu yox idi, ilk yumurtadan ilk toyuğa qədər 339 milyon 942 min il vaxt keçməli idi. Yumurta toyuqdan məhz bu qədər böyükdür. \\Oxu24.com