Xəbər lenti
Reklam
Prezidentlərin sevimli aksessuarı: SAATLAR
 
Hələ çox qədim zamanlardan insanlar vaxtı müəyyən etmək üçün fərqli vasitələrdən istifadə ediblər. Əvvəlcə misirlilər Günəş saatını kəşf ediblər, sonra su saatı yaranıb, daha sonra qum saatı icad edilib. Beləliklə də vaxtı müəyyənləşdirmək üçün saat adlı bir cihaz ən müasir və gərəkli bir əşyaya çevrilərək, insanların həyatına daxil olub.
Saat həm də insanların ən çox xoşladığı aksessuarlardan biridir. Müasir dövrümüzdə ayrı-ayrı şirkətlərin təqdim etdiyi saat bolluğu içərisində yəqin ki, heç kim öz saatı ilə digərini təəccübləndirə bilməz.
Amma yox, iki gün öncə azərbayçanlı gəncin oğurlanmış saatı həqiqətən də insanlarda böyük təəcüb doğurdu. Hətta dünyanın ən aparıcı dövlətlərinin başçılarının saatlarının qiyməti bu gəncin taxdığı saatın qiymətindən müqayisə edilməz dərəcədə ucuz və sadədir.
Maraqlıdır, bəs, siyasi liderlər öz dəyərli vaxtlarını hansı saatla izlyirlər? Onlardamı valideynlərinin “imtina” etdiyi bu gəncin saatı qədər bahalı brendlərdən taxırlar?
Amerika Birləşmiş Ştatlarının 45-ci prezidenti Donald Tramp dəyərli vaxtına əsasən kvadrat formalı, korpusu qızıldan, qara dəri kəmərli “Vacheron Constantin Historiques” saatı ilə nəzarət edir. Bu saatın qiyməti 6 min ABŞ dollarıdır.
Bununla yanaşı, prezidentin əlavə olaraq bir neçə saatı da var. Onların arasında ən çox maraq doğuran isə sabiq prezident Reyqanın saatıdır ki, Tramp bu saatı hərracdan 7 min dollara alıb.
Almaniya kansleri Angela Merkel uzun illərdir ki, siyasi kursunu dəyişmədiyi kimi, sadə həyat tərzini də dəyişmir. Özünü ölkəsinin vətəndaşlarından ayırmayan xanım siyasətçi saat məsələsində də sıravi vətəndaşlarla fərqli durumda deyil. A.Merkel zamanı cox adi bir cihazla, korpusu düzbucaqlı olan, qara dəri kəmərli  “Boccia Titanium” saatı ilə izləyir. Bu saatın qiyməti təxminən 100 ABŞ dollarına yaxındır.
Rusiya Federasiyasının prezidenti Vladimir Putinin canlı yayımlarda, keçirdiyi ənənəvi mətbuat konfranslarında tez-tez saatına baxmasına çoxları şahiddir. Təbii ki, bu, prezidentin vaxt məhdudiyyətindən xəbər verir.
Amma yəqin ki, Putin həm də saata bir akssesuar kimi də laqeyd yanaşmır. Bəlkə də elə buna görədir ki, Rusiya prezidenti həmkarlarından fərqli olaraq, dəyərli vaxtını daha bahalı saatla izləyir. Vladimir Putinin əsasən istifadə etdiyi “Patek Philippe Calatrava” saatının qiyməti təxminən 18 min ABŞ dolları civarındadır.
Dünyanın siyasi müstəvisində fərqli siyasətçi kimi tanınan Şimali Koreya lideri Kim Çen In saat seçimində bir o qədər də fərqlənmir. O, əsasən “Omeqa” markasına üstünlük verir. Kim Çen Inın bu markadan olan saatlarının qiyməti 6 min dollar və 10 min dollar arasında dəyişir.
Yaponiyanın baş naziri Sindzo Abe vaxtını “Astron от Seiko” saatı ilə müəyyənləşdirir. Baş nazir həm də bununla öz ölkəsinin istehsal etdiyi bu markanı reklam etmiş olur.
Qeyd edək ki, dünya bazarlarında “Seiko” markalı saatların qiyməti 300-1200 dollar arasında dəyişir. Bakıda fəaliyyət göstərən brend saat mağazalarında bu markadan olan orginal saatları 600-900 manat arasında əldə etmək olar.
Ukrayna prezidenti Vladimir Zelenski saat seçimində “Tag Heuer” saatına daha çox üstünlük verir. Məhz seçkilərdə qələbə anını Zelenski bu saatla gözləyib. “Tag Heuer” markalı saatların qiyməti 1200 dollardan başlayır. Bu markadan olan ən bahalı saatın qiyməti isə 7300 dollardır.
Ermənistanın baş naziri Paşinyanın saatının qiyməti 50 min ABŞ dollarıdır. Amma bu faktı baş nazir təkzib edib və qeyd edib ki, o, Ermənistan istehsalı olan saat taxır və həmin saatın qiyməti 200 dollara yaxındır.
Təbii ki, seçim onun öz ixtiyarındadır. Amma bəlli olan bir məsələ var ki, Paşinyan istər 50 min dollarlıq, yaxud da 200 dollarıq saat taxsa da, zaman onun xeyrinə işləmir...
Göründüyü kimi, siyasi liderlər müxtəlif qiymətlərdə olan müxtəlif saat brendlərinə üstünlük verirlər. Təbii ki, bu da normal bir haldır. Normal olmayan isə bir gəncin 2 milyon dollar qiyməti olan saat taxmasıdır. Həmin saatın oğurlanmasına gəldikdəsə, bu məqamda “oğrudan oğruya halaldır” məsəli yada düşür.  \\Musavat.com
Tarix: 28 iyun 2019
Baxış: 33513

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş