Həzrət İdris (ə) İlahi peyğəmbərlərdən biri olmuşdur. Bir çox təfsirçilərin nəzərinə görə o, Həzrət Adəmin (ə) nəvəsi olmuşdur. Tövratda deyilir ki, onun adı İxtux olmuşdur və o, Məhlayilin övladı və Şisin nəvəsidir. Şis - Adəmin (ə) övladı olmuşdur.
Allah Təala İdrisi (ə) peyğəmbər seçəndən sonra o, insanları doğru yola hidayət edir. Nəql edilir ki, o, ilk insan olmuşdur ki, qələmlə yazı yazmışdır. Həmçinin o, ilk insan olmuşdur ki, paltar tikməyi insanlara öyrətmişdi. Hədislərdə deyilir ki, o, hər dəfə iynə batıranda Allahı təsbih edərmiş.
Bəziləri o Həzrətin Babildə dünyaya gəldiyini bəyan edirlər. Sonradan Misirə gəlmişdir, orada məskunlaşmışdır. Orada insanları əmr-be-mərif və nəhy-əz-münkərə dəvət etmişdir. Onun dövrünün insanları müxtəlif dillərdə danışırdılar. Bütün bu dillər ona təlim verilmişdi, həmçinin o, ilk insandır ki, nücum və hesab elmini insanlara öyrətmişdi.
Həzrət İdris (ə) elmə qarşı çox maraq göstərirdi, ona görə də elm öyrənmək istəyənləri çağırır və onlara qulluq edir və ən yaxşı mənzillərdə məskunlaşdırırdı.
Quranda onun haqqında çox qısa bir məlumat vardır. İdris (ə) Allahın əmri ilə Qabil nəsli üçün məbus olmuşdur. Ancaq onlar İdrisi (ə) təsdiq etmədilər. Ona görə də İdris (ə) onlarla vuruşa girir, Allah ona elə qüdrət verir ki, az tərəfdaşları ilə onlara qalib gəlsin. Ona görə də onu Allah yolunda cihad edən ilk insan kimi yada salırlar.
Deyilənlərə görə Həzrət İdris (ə) çox zaman oruc olardı və ona görə də ona behiştdən iftar yeməyi nazil olardı. Təfsirçilərin bir çoxunun nəzərinə görə o, indiyə qədər sağdır, ölməmişdir.
İbn Ərəbi adlı ariflərdən biri bu fkirdədir ki, Həzrət İdris (ə) sağdır. Dördüncü səmadadır. Ancaq bu məsələnin elmi və tarixi sübutu yoxdur. Çünki Əllamə Təbatəbainin fikrinə görə İdris (ə) haqqında olan bəzi xəbərləri yəhudilər yaymışlar.
Bir çox təfsirçilərin nəzərinə görə İdris (ə) tövhidi və şəriət qanunlarını təlim edən ilk insan olmuşdur. Ona görə də Allah onun bu ali məqamına görə göyə qaldırmışdır. Həzrətin (ə) təlimlərinə qulaq asanların sayı çox olur və sonralar bu təlimləri yaymaq üçün ətraf ölkələrə də səfər edirlər.
İmam Sadiq (ə) buyurur: "Nə zaman Kufəyə getsən, "Səhələ" məscidinə get və hacətini istə. Çünki o, İdrisin (ə) evi idi, orada dərzilik edir və namaz qılardı". \\Milli.Az