Pənah Hüseyn “Vaqif yola düşəndə, ilk dəfə onun üzündən öpdüm”
Azərbaycanın sabiq Baş naziri Pənah Hüseynin oğlu Vaqif Hüseyn də zabit kimi Vətən müharibəsinə döyüşməyə yollanıb.
Pənah Hüseyn zabit oğlu barədə Modern.az-ın suallarını cavablandırıb.
Gender.az həmin müsahibəni təqdim edir:
- Pənah bəy, artıq siz də oğlu cəbhədə döyüşən atalardansınız. Bir ata kimi əsgərlərimizə nə sözünüz var?
- Bütün əsgərlərimizə sağ-salamat qələbə ilə evlərinə qayıtmalarını arzulayıram. Birincisi, vətənə xidmət qanuni borcumuzdur. İkincisi, vətən uğrunda savaşmaq da bir şərəfdir. Bu şərəf hər kəsə nəsib olmur. Mən də iftixar və fəxr hissi keçirirəm ki, oğlum vətən uğrunda savaşa gedib. İşimiz də haqq işidir. İnşallah, tezliklə düşməni torpaqlarımızdan qovacağıq. Nəvələrimizə, övladlarımıza güclü, qüdrətli və böyük Azərbaycan bəxş edəcəyik. İnşallah, çox yaxın zamanlarda biz də şəhidlərimizin ruhu qarşısında başımız dik gəzə biləcəyik.
- Oğlunuzun cəbhəyə getməsini anası və övladları necə qarşıladı? Bilirsiniz ki, bu məsələdə analar daha həssasdır.
- Düzü, dünən yox, srağagün bildik. Dünən də yola salmışıq. Artıq hərbi hissələrin birindədir. Analar həmişə ağlayır. Onları təsəlli etmək çox çətindir. Vaqifin iki oğul övladı var. Özü İstanbul Universitetinin əyani doktorantıdır. 4 xarici dil bilir. Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin magistr dərəcəsinin birinci pilləsində təhsil alıb. AMEA-nın aspiranturasını bitirib. Bir ata kimi düşünürəm ki, hazırda ən vacib iş düşmənlə savaşmaqdır.
- Nəvələriniz atalarının ermənilərlə savaşa getməsinə necə reaksiya verdilər?
- Nəvələrim həyatı dərk edəcək yaşdadırlar. Böyük nəvəm təmkinlidir. Balaca isə “atamdan ötrü darıxıram” deyir. Qızımın da 2 uşağı var. Dünən oğlumu yola salanda Səlcuq adlı 3 yaşlı nəvəm deyirdi ki, “mən özüm gedəcəm döyüşə. Düşməni raketlə vuracam”. Yəni ailədəki uşaqlarımız da bu düşüncədədir. Ancaq hamımızın bir istəyi var. Torpaqlarımızın azadlığından sonra uşaqlarımız müharibəyə yox, sülhə hazırlaşmalıdır. Bir gerçəklik də odur ki, oğlan uşaqlarımız vətən üçün savaşmayacaqsa, nəyə yarayacaqlar?!.
- İnşallah, hamısı salamat qayıdar. Siz 1990-cı illərdə hakimiyyətdə təmsil olunmusunuz. Baş nazir olmusuz. Hər halda, Birinci Qarabağ savaşı ilə İkinci Qarabağ savaşını müqayisə etməyə haqqınız çatır. Sizcə, Birinci Qarabağ savaşında niyə bugünkü kimi güc nümayiş etdirə bilmədik?
- Müqayisə etmək dedikdə, 30 ildən sonrakı ordu tamam başqa silahlarla silahlanıb. 30 ildə dövlətimiz formalaşıb. O dövrdə xalq özü ayağa qalxmışdı. Onda müstəqilliyimizin 1-2 illik tarixi vardı. Buna baxmayaraq, hadisələri çox yaxşı xatırlayıram. Hələ 1989-cu ildən (heç müstəqil deyildik- P.H.) sonra hər kəs ov tüfənglərini götürüb cəbhəyə yollanmışdı. O dövrdə də bizim uğurlarımız olub. 1992-ci ilin yayında Qarabağın yarısını o zamankı Ordu azad etmişdi. Təxminən on minə yaxın şəhidimiz olmuşdu. Nə qədər Milli Qəhrəmanlarımız var. Hesab edirəm ki, siyasi hakimiyyətdə iqtidar-müxalifət gəldi-gedərdi. Ancaq xalq 30 ildir ki, öz torpağı uğrunda savaşır. Bu gün şəhid olanların yaşlarına baxıram. Bir çoxu 2000-ci il və ondan sonra dünyaya gələnlərdir. Onların yaşı münaqişənin yaşından azdır. Şükürlər olsun ki, bu gün müasir və güclü ordumuz var. Əsgərlərimiz, generallarımız 21-ci əsrin müharibəsini aparırlar. Bütün dünya da bunu görür.
- Pənah bəy, oğul üçün ana başqa, həyat yoldaşı başqa, övlad bir başqadır. Amma “atalar və oğullar məsələsi” hər dövr üçün aktualdır. Oğlunuz cəbhəyə getməzdən öncə güman ki, ata-oğul söhbətiniz oldu? Nə məsləhət verdiniz?
- Sizə durub deyim ki, heç həyəcanlanmadım, bu doğru olmaz. Mən də həyəcanlandım. Digər tərəfdən isə oğlumun noyabrın 9-da 40 yaşı olacaq. Kifayət qədər yetkin insandır. Bir çox məsələləri məndən az yox, hətta çox bilir. Oğlumu yola salanda qaydanı pozdum. İlk dəfə onun üzündən öpdüm. Çünki bizim nəsildə övladla bu cür mehribanlıq olmur. Nəvələrim və kiçik uşaqlar bu məsələdə başqadır. “Hamı kimi qələbə ilə qayıdasan!” dedim. Dualarımız cəbhədə döyüşən oğullarımızladır. Burada mənimki səninki söhbəti ola bilməz. Azərbaycan əsgəri hamımızındır. Tanrı qorusun!